A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin doktorantı Rəsul Yusibov Macarıstanda keçirilən beynəlxalq elmi konfransda çıxış edib.

O, Obuda Universitetinin Keleti Károly Biznes və İdarəetmə Fakültəsi tərəfindən hər il təşkil olunan “MEB24 International Conference on Management, Enterprise and Benchmarking” adlı beynəlxalq konfransın final sessiyasında “Green Growth Transformation and Entrepreneurial Ecosystem Development in Post-Conflict Karabakh: Drivers, Mechanisms, and Policy Implications” mövzusunda təqdimatla çıxış etmişdir.

Təqdimatda Qarabağ regionunun post-münaqişə dövründə yaşıl iqtisadi artım modelinə keçid imkanları, innovasiya yönümlü sahibkarlıq ekosisteminin formalaşdırılması, eləcə də dayanıqlı inkişafın təmin olunmasında institusional və iqtisadi mexanizmlərin rolu ətraflı şəkildə təhlil olunmuşdur. Tədqiqatın əsas elmi əhəmiyyəti onun Qarabağın yenidən qurulması prosesini yalnız iqtisadi bərpa deyil, eyni zamanda ekoloji dayanıqlılıq və innovativ inkişaf kontekstində qiymətləndirməsi ilə bağlıdır. Bu yanaşma regionun uzunmüddətli dayanıqlığı üçün inteqrasiya olunmuş inkişaf modelinin formalaşdırılmasına töhfə verir.

Konfransda 20-dən çox xarici universitetin nümayəndələri, professor və tədqiqatçıları iştirak etmiş, müxtəlif ölkələrdən gələn tədqiqatçılar arasında geniş elmi müzakirələr aparılmışdır. Rəsul Yusibovun təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında suallar ünvanlanmış və müzakirələrdə fəal fikir mübadiləsi aparılmışdır. Sonda çıxışın elmi aktuallığı və praktik əhəmiyyəti xüsusilə vurğulanmışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay