A

"Respublika" qəzeti

Xanhüseyn Kazımlı Azərbaycanın iqtisad elminin inkişafında böyük xidmətlər göstərmiş görkəmli alim, iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiridir.

İqtisadiyyat sahəsində maraqlı tədqiqatların sahibi, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, eləcə də elmi-publisistik məqalələrin müəllifi Xanhüseyn Kazımlı İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC) uçot-iqtisad fakültəsini bitirərək, təyinatla həmin ali məktəbdə fəaliyyətini davam etdirmişdir. 1971-ci ildə iqtisad elmləri namizədi, 1989-cu ildə iqtisad elmləri doktoru, alimlik dərəcəsi almışdır. Müxtəlif illərdə Azərbaycan Dövlət İqtisad Universitetində komsomol katibi və həmkarlar ittifaqı komitəsinin sədri, kafedra müdiri, prorektor və digər vəzifələrdə çalışmışdır.1994-1998-ci illərdə Respublika Baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri vəzifələrində işləmişdir. Birinci, ikinci və üçüncü çağırış Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədridir. 1998-ci ildən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC), Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin fəxri sədri, 2002-ci ildən Müstəqil Dövlətlər Birliyi Qiymətləndiricilər Assosiasiyası Mərkəzi Şurasının üzvüdür. 2003-2005-ci illərdə isə həmin beynəlxalq təşkilata rəhbərlik etmişdir. Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının, Veteranlar Şurasının İdarə Heyətinin üzvüdür. 1998-ci ildə keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkilərində namizəd olmuşdur. Xanhüseyn Kazımlı hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin qiymət və qiymətləndirmə kafedrasının müdiridir. Professor eyni zamanda, ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatın qiymətləndirilməsi üzrə işçi qrupuna rəhbərlik edir.Ümummilli lider Heydər Əliyevin 2002-ci il 12 iyun tarixli, 716 saylı Fərmanına əsasən, “Elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətindəki uğurlarına görə” Xanhüseyn Kazımlı “Şöhrət” ordeni ilə təltif edilmişdir. Təhsildə, elmi yaradıcılıqda və Azərbaycanın ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə “Hacı Zeynalabdin Tağıyev”, “Qızıl Qələm” media mükafatlarına və diplomlarına layiq görülmüşdür.Xanhüseyn Kazımlı çox keşməkeşli həyat yaşamışdır. O, atasını hələ çox körpə ikən itirmişdir. Belə ki, atası Hüseynağa 1942-ci ildə Böyük Vətən Müharibəsində həlak olmuş, ailənin bütün yükü anası Əsli xanımın üzərinə düşmüşdür. Həyat yoldaşının cəbhədə həlak olmasından sonra Əsli ana ərindən yadigar qalan beş övladına həm analıq, həm də atalıq etməli, övladlarını böyütmək, dolandırmaq kimi ağır bir yükü daşımalı olur. İbadət əhli olan Əsli xanım vaxt tapdıqca övladlarına dini, dünyəvi dəyərlərin üstünlüklərini izah edərək, eyni zamanda yaxşı oxumağı, kamil insan olmağı öyrətməyi bacarır.Dünyaya yenicə göz açmış balaca Xanhüseyn ailəsi ilə birgə yayı Laçın və Kəlbəcər yaylaqlarında, qışı isə Muğan və Mil düzündə keçirmək məcburiyyətində qalır. Qardaşları - Hidayət, Yusif və Hüseynağa kişinin anasının adını daşıyan bacısı Sənəm o dövrün ağrı-acısına tab gətirə bilməyərək, müxtəlif xəstəliklər səbəbindən dünyalarını dəyişirlər. Sonbeşik Xanhüseyn ailənin böyük oğlu Qüdrətlə çox çətin həyat sürməkdə davam edir. Əsli xanım hər iki övladını boya-başa çatdırmaq, onları aclıqdan, susuzluqdan qorumaq üçün mübarizə aparmalı olur. Xanhüseyn Kazımlının yazdığı xatirələrinin birində oxuyuruq: “Atam Böyük Vətən Müharibəsi deyilən o davadan geri qayıtmadı, ağır döyüşlərin birində həlak oldu. Ailənin bütün yükü anamın çiyinlərinə düşdü. O, bizi çətinliklər çəkə-çəkə, əzabla böyütdü, oxutdu. Anamın əziyyətlərini heç unuda bilmirəm”.Xanhüseyn Kazımlı orta məktəbdə yaxşı qiymətlərlə təhsil alır. Onun arzusu iqtisadçı olmaq idi. Bu arzu ilə Xanhüseyn orta təhsili başa vurduqdan sonra Bakıya gəlir və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olur. Hələ gənclik illərindən o, yaxşı iqtisadçı kimi yetişməklə yanaşı, ictimai fəaliyyətlə də məşğul olur. Dəfələrlə şəhər, rayon və universitet partiya komitələrinin büro üzvü seçilərək, bu işdə çox fəallıq göstərir. Ali məktəbdə təhsil aldığı dövrdə ictimai-siyasi fəaliyyətində tələbə yoldaşlarından öndə olan Xanhüseyn komsomol katibi və həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində çalışır. Bilik və bacarıqlarını görən ali məktəb rəhbərliyi Xanhüseyn Kazımlıya institutda fəaliyyətini davam etdirməyi təklif edir.Beləliklə, daim axtarışda olan, yüksək ixtisaslı iqtisadçı kadrların yetişməsində xüsusi səy göstərən Xanhüseyn Kazımlı müəllim, baş müəllim, dosent, kafedra müdiri və digər vəzifələrdə çalışır. Doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən alim professor kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir. Xanhüseyn Kazımlının uzun illərdir çalışdığı və bu gün Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan Azərbaycan Dövlət İqtisad Universiteti sürətlə inkişaf edir. Bu təhsil ocağının dünya səviyyəli universitetə çevrilməsi məqsədi ilə yeni-yeni layihələrə imza atılır. Universitetdə innovativ təhsil sistemi yaradılır, tədrisin keyfiyyəti yüksəlir, gələcəyin bacarıqlı kadrları yetişir. Ömrünü Azərbaycan iqtisad elminin inkişafına, respublikamızda bacarıqlı, peşəkar iqtisadçı kadrların yetişdirilməsinə sərf etməklə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğul olan Xanhüseyn Kazımlı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğunun uğurla reallaşdırılmasında bir alim və ziyalı olaraq əlindən gələni əsirgəmir.Yaxınlarının, müəllim yoldaşlarının, dostlarının, tələbələrinin fikirlərini dinlədikcə bir daha əmin olursan ki, Xanhüseyn müəllim əsl vətəndaş kimi xalqına, dövlətinə təmənnasız xidmət göstərən dəyərli ziyalı, saf əqidə və məslək sahibi, ömrü boyu yüksək dövlətçilik və vətəndaşlıq mövqeyində dayanmış şəxsiyyətdir. Pedaqoji fəaliyyəti dövründə ali təhsil müəssisələri üçün 50-dən çox dərslik və dərs vəsaiti, monoqrafiyaların, 350-dən artıq məqalənin müəllifidir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş müxtəlif jurnal və qəzetlərdə onun elmi-kütləvi və publisistik məqalələri dərc edilir. Xanhüseyn Kazımlının bir alim və insan kimi böyüklüyü ondadır ki, o, Milli Məclisdə fəaliyyəti dövründə Azərbaycanın inkişafı naminə qanunvericilik aktlarının qəbulunda xüsusi rolu olmaqla yanaşı, yalnız qanun yaradıcılığı ilə kifayətlənməyib. O, həm də inkişafa qanunvericilik baxımından verdiyi töhfələrlə sürətli tərəqqidə xidmətləri olan bir alimdir. Tanınmış alim qələmə aldığı monoqrafiyalarda nəzəriyyəçi və alim kimi təhlillər aparır, bu inkişafın izahını verir. Bu mənada, Xanhüseyn Kazımlı Azərbaycan iqtisadiyyatının inkişafından bəhs edən sanballı kitabların, əsərlərin, monoqrafiyaların müəllifi kimi də tanınıb. Yaxınları, dostları, tələbələri Xanhüseyn Kazımlını sadə bir insan kimi tanıyırlar. Xanhüseyn müəllim həm də həddən artıq tələbkar, biganəliyi sevməyən insandır. El-obasının qədrini bilən, xalqa xidməti həyatının məna və məqsədi hesab edən Xanhüseyn müəllim saf əqidəsi və məsləki olan ziyalıdır.Xaqına, torpağına bağlı olan Xanhüseyn Kazımlı cəbhə bölgələrində, əsgərlərin yanında olmağı daha çox sevir. Bu mənada, onu UNEC-in kollektivi, professor-müəllim heyəti, tələbələri ilə tez-tez əsgərlərimizin arasında görmək olur. Bütün görüşlərində əsgərlərimizə son sözü bu olub: “Torpaqlarımız azad olunacaq, tezliklə nəinki Qarabağı, Zəngəzuru və Göyçəni də ermənilərdən azad edəcəyik”.Xanhüseyn Kazımlı, eyni zamanda, əsir, girov və itkin düşmüş soydaşlarımızın taleyilə məşğuldur. Ölkə Prezidenti cənab İlham Əliyevin rəsmi razılığı və Respublika Nazirlər Kabinetinin 2014-cü il, 51 saylı Sərəncamı ilə Xanhüseyn Kazımlı Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupuna rəhbərlik edərək üzərinə düşən işi ləyaqətlə və peşəkarcasına yerinə yetirir.İtki və tələfatların dəyərinin dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edilməsi və təsdiqi öz növbəsində Ermənistanın işğalçı, təcavüzkar, eləcə də soyğunçu dövlət kimi tanınmasını təmin edəcəkdir. Alimin xalq, vətən qarşısında xidmətləri, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti layiqincə qiymətləndirilib. Ulu öndər Heydər Əliyev Xanhüseyn Kazımlını “Şöhrət” ordeni ilə təltif etməklə, ona ən dəyərli qiyməti verib.Ümummilli lider Heydər Əliyev elm xadimləri haqqında fikir səsləndirərkən deyirdi: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə çıxara bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”. Bu mənada, professor Xanhüseyn Kazımlı alimlər sırasında xüsusi yeri olan dəyərli ziyalıdır. Bir insan və alim kimi böyük ürəyə sahib olan professor Xanhüseyn Kazımlının həyat yolu hələ bundan sonra da onu tanıyanlar üçün bir örnək olacaq. Bu nəcib yolda görkəmli alim, professor Xanhüseyn Kazımlıya uğurlar və möhkəm cansağlığı arzu edirik. İnanırıq ki, Xanhüseyn müəllim bundan sonra da elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni nailiyyətlərə, uğurlara imza ataraq Azərbaycanımızın rifahı naminə əlindən gələni edəcək.

Səadət Qəndilova, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, dosent

TOP XƏBƏRLƏR