“... Mən yenə də Azərbaycan Dövlət İqtisad Universitetindəyəm. Azərbaycan tarixi kafedrasında çalışıram. Yarım əsrlik fəaliyyətim 90 illik ömrümün ən mənalı, dəyərli məqamıdır. Varlığım qədər əziz olan bu ali məktəbin divarları arasında çoxlu yetirmələrim var. Onlar mənimlə çiyin-çiyinə, bərabər çalışırlar. İndi burada bəziləri çap etdirdikləri əsərlərini avtoqrafla mənə bağışlayanda yazırlar: “Müəllimlər müəllimi Məmmədəli müəllimə xoş arzularla”. Düşünürəm, həyatımın bu mərhələsi üçün bundan başqa mənə nə lazımdır? Əlbəttə, heç nə. Elə bu kifayətdir: müəllimlər müəllimi”.
Bu sətirlər bütün şüurlu ömrünü elmə, təhsilə həsr edən professor Məmmədəli Paşayevin “Ömür döngələri” adlı bioqrafik kitabından götürülüb. Öz ömür yoluna nəzər salaraq acılı-şirinli xatirələr fonunda dövrünün ictimai-siyasi proseslərini, onun doğurduğu nəticələri təhlil edib bir nəslin, ailənin faciəsi, ümidləri və uğurları timsalında zamanın mənzərəsini yaratmağa çalışan müəllif bu kitabın işıq üzü görməsi üçün bilsəniz nə qədər sevinirdi. Axı niyə də sevinməsin? Tanrının aldıqlarının əvəzində verdiklərinin arasında bu kitabın öz dəyəri, öz çəkisi vardı!..Bir çoxları kimi onun da həyatı çox mürəkkəb, məşəqqətli olub. 1927-ci il aprel ayının 10-da Zaqatala mahalının Muğanlı kəndində sahibkar ailəsində doğulan Məmmədəli Paşayev Alıpaşalar kimi tanınan nəslin ən layiqli nümayəndələrindən biridir. Kiçikkən valideynlərini itirən Məmmədəli müəllim qohumlarının himayəsində böyüsə də, məşəqqətli və çətin həyat şəraitinə baxmayaraq 1946-cı ildə Zaqatala Pedaqoji Texnikumunu, 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. O, təkcə bir nəslin deyil, həm də Muğanlı kəndinin bir övladı kimi ilk dəfə tərəqqi yolunu seçmiş, onun daşlı-kəsəkli, enişli-yoxuşlu, nahamar-dolanbac cığırları ilə getmiş və arxasınca gələnlərə də dəstək olmuşdu.Müharibənin fəsadları özünü bütün ailələrdə göstərirdi. Cəbhədən gələn qara kağızlar Muğanlının yaşlıdan tutmuş uşağına qədər hamını qəm-qüssəyə batırmışdı. İşçi qüvvəsi çatışmırdı. Orta məktəb uşaqları təsərrüfatın müxtəlif sahələrinə işə cəlb olunurdular. Məmmədəli də yaşıdları kimi sünbül toplayır, yer şumlayır, tütün becərir, baramaqurdu bəsləyir, naxıra gedir. Yay tətili günlərində şagird briqadasına rəhbərlik edirdi:—Nə qədər ağır, çətin yaşasaq da yeniyetməlik çağlarında çoxları kimi, romantika qanadlarında uçardım. Gecələr ay işığında, ağac altında oturub düşünər, götür-qoy edər, vəziyyətdən çıxış yolu axtarar, yorulanda qollarımı başımın altına qoyub elə torpağın üstündə uzanardım. Torpağın ətri məni məst edərdi. Bilirsiniz, torpağın necə gözəl ətri var?!Kəndimizin gecələri daha gözəl olurdu. Apaçıq görünən, dumduru səmada gecələr ulduzlar sayrışardı, bütün kənd körpə kimi mışıl-mışıl uyuyanda bu sakitlik içində düşüncələrə dalardım. Xəyal məni tanımadığım, bilmədiyim yerlərə aparardı.Arzudan-arzu, istəkdən-istək doğar, - deyiblər. Mənim də təhsillə, oxumaqla bağlı böyük planlarım vardı. Elə arzularının, istəklərinin qanadlarında tale, qismət onu bir gün Muğanlıdan Bakıya gətirdi...1936-cı ildən başlayan təhsil, elm və bilik marafonu onu daha da irəli aparırdı. 1950-ci ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyasının aspirantı olan Məmmədəli Paşayev 1952-ci ildən həm də pedaqoji fəaliyyətlə məşğul olmağa başladı. 1966-cı ildə isə həyatını həmişəlik Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağladı və ömrünün yarısından çoxu bu təhsil ocağının divarları arasında keçdi.“Tələbələrlə işləmək, auditoriyalarda məşğələlər aparmaq həmişə mənə zövq verib. Nəyəsə adət etmək üçün illər tələb olunur. Demək istəyirəm ki, peşə sahəsində fəaliyyət də insanda vərdiş halını alır. Daim təkmilləşən, yaradıcılıqla həyata keçirilən, həvəslə, səriştə ilə icra olunan peşəkar əməyin özü də on illəri əhatə edəndə vərdişə çevrilir. Mən də tarixçi peşəsinə, keçmişin tədqiqinə, tədrisinə, təbliğinə və təşviqinə çox bağlandım.Azərbaycan Dövlət İqtisad Universiteti (indiki UNEC), onun auditoriyaları, qiraət zalı, kitabxanası, həyəti, dəhliz və mərtəbələri mənim yaddaşıma həkk olunub, adət və vərdişlərimin tərkib hissəsinə çevrilib. Bütün işlədiyim illərdə universitetimizin texniki personalından tutmuş, rektorluğa, professor-müəllim heyətinə, eləcə də çoxsaylı tələbələrimizin hər birinə ona görə minnətdaram ki, daima əhatəm, dayağım, dəstəyim olmuşdular. Məhz bu insanlar mənə enerji vermiş, peşəmdən ayrı düşməyə qoymamış, öz diqqət və qayğıları ilə uzunömürlü olmağıma kömək etmişlər”.Məmmədəli müəllim həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Şərqiyyə Paşayeva Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Azərbaycan Elmlər Akademiyasının aspiranturasında linqvistika sahəsi üzrə təhsilini davam etdirmiş, daha sonra elmi dərəcə almış, çoxsaylı əsərlərin, sanballı kitabların müəllifi olmuş, 1967-2011-ci illərdə fəaliyyətini bütünlüklə ölkə universitetlərində pedaqoji işə həsr etmişdir.Məmmədəli müəllim deyir: “Ailə həyatım da uzunömürlüdür. 57-ci ildönümümdür. İki övlad: bir qız, bir oğlan böyütmüşük. Hər ikisi beynəlxalq səviyyədə tanınır. Uğurlarına görə irəli keçsələr də əldə etdikləri sevinci ilk növbədə valideynləri ilə bölüşürlər. Bu zaman bizə nisbətən daha təvazökar görünürlər. O ki, qaldı 4 nəvəmizə, onlar da öz ata-analarını ötüblər. Bəxtiyar Vahabzadə demişkən: “Niyə də keçməsin ki, axı dünya fırlanır”.Məmmədəli müəllimin təhsil, müəllimlik peşəsi ilə bağlı fikirləri də maraqlı və özünəməxsusdur.“Müəllimlik yaranışından çox şərəfli, müqəddəs və məsuliyyətli bir peşədir. Həmin peşəni seçənlər daim bir çoxluğun, toplumun, hətta kütlənin qarşısında durub hansısa problem, mövzu, əhvalat və yaxud elmin mühüm məsələsini şərh etməli olurlar. Bu isə həqiqətən yaradıcı işdir. Uzun illər pedaqoq işlədiyim zaman belə bir qənaətə gəlmişəm ki, mükəmməl, bitmiş müəllim səviyyəsinə çatdığını kimsə deyə bilməz. Bu peşə insandan daim işləməyi tələb edir, axtarışlarla, mülahizələrlə, mübahisələrlə, sual və dialoqlarla zənginləşməkdə və inkişafdadır. Mən müəllimin təmiz adının qorunmasını, nüfuzunun və cəmiyyət qarşısında hörmətinin geri qaytarılmasını istəyirəm. Müəllim haqqında ən mötəbər ictimai-siyasi və elm xadimlərinin dəyərli fikirləri var. Azərbaycan xalqının böyük müəllimi, ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən müəllim adından yüksək ad tanımıram”.Unutmayaq ki, təhsil, elm millətin gələcəyinə hesablanan strateji dövlət siyasətidir. Gəlin onu qoruyaq, çünki o, bizə böyük şəxsiyyətlər verəcəkdir...”.Ömür payı insanın əlində deyil, lakin onu necə yaşamaq həm də bizdən asılıdır. Məmmədəli müəllim də öz ömür yolunu özü bəzədi, özü naxışladı, yolundakı döngələri, könüllü və məcburi dayanacaqları ağılla, məntiqlə, düşünüb-daşınıb keçdi, yaxşıların yaxşısı, müəllimlərin müəllimi oldu. Müəllimlərin müəllimi!... Gözəl addır, deyilmi?!
Zümrüd QURBANQIZI, “Respublika”