UNEC-in Türk Dünyası İqtisad fakültəsinin dekanı, prof.dr. Hayati Beşirli vəzifəsinin icrasını 17. 01.2020-ci il tarixdə başa vurub. Bununla bağlı universitetin rektoru professor Ədalət Muradov Hayati Beşirli ilə görüşüb.
Rektor Ədalət Muradov prof.dr. Hayati Beşirlinin Türk Dünyası İqtisad fakültəsinin dekanı kimi fəaliyyətini yüksək qiymətləndirib. “Universitetimizin son bir ildə əldə etdiyi uğurlarda Hayati Beşirlinin böyük payı var. Fakültədə tədris sisteminin Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması qarşımızda duran ən çətin iş idi. Lakin Hayati bəyin gərgin əməyi sayəsində bu proses çox hamar keçildi və uğurlu həllini tapdı.” Hayati Beşirlinin fakültəyə rəhbərlik etdiyi qısa müddətdəki işini bu ifadələrlə qiymətləndirən professor Ədalət Muradov, ümumiyyətlə, TÜDİFAK-ın bütün professor-müəllim heyətinin yüksək səviyyədə olduğunu, UNEC-in yenilənməsinə, beynəlxalq miqyasda tanınmasına, əlaqələr qurmasına xüsusi fayda verdiyini qeyd edib.
Diqqətə görə təşəkkürünü bildirən prof.dr. Hayati Beşirli tam yenilənmə, dünya səviyyəli bir universitet olma yolunda irəliləyən UNEC-də çalışdığı üçün qürur duyduğunu bildirib.
Sonda rektor Hayati Beşirliyə bütün universitet kollektivi adından bir daha minnətdarlığını bildirib və ona qardaş ölkəni və xalqı həmişə xatırladacaq qiymətli hədiyyə - Azərbaycan xalçası təqdim edib.