Milli dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, xilaskarlıq missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, dövlət müstəqilliyinin banisi olaraq, cəmiyyət həyatının bütün sahələrini əhatə edən əvəzsiz xidmətləri ilə adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir.
Möhkəm siyasi iradə, cəsarətli milli mövqe, dönməz mübarizə əzminə malik dahi şəxsiyyət olan Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü hər bir azərbaycanlı tərəfindən dərin məhəbbət və yüksək ehtiram ilə qeyd edilir. XX əsrin II yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddaratında həlledici rol oynayan Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qoruyub saxlanması və inkişaf etdirilməsi üçün böyük addımlar atmışdır. Azərbaycanda Sovet İttifaqının ən sərt dövrlərində Heydər Əliyevin özünəməxsus siyasətlə azərbaycançılıq istiqamətində həyata keçirdiyi tədbirlər gələcək dövlət müstəqilliyinin təməl sütunlarına çevrilmişdir.
Azərbaycana rəhbərlik etdiyi birinci dövrdən (1969-1982-ci illər) Ümummilli Lider Heydər Əliyev milli ruhun dirçəlişi istiqamətində əzmlə fəaliyyət göstərdi. Ulu Öndərin səyi ilə SSRİ höküməti Azərbaycanla əlaqədar intensiv inkişaf və hərtərəfli yüksəlişi nəzərdə tutan mühüm qərarlar qəbul etdi. Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 1969- 1982-ci illər arası və gələcək perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələlərin həlli üçün zəmin yaratdı. Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə onun böyük zəhmət hesabına inkişaf etdirdiyi iqtisadiyyat tamamilə dağılmış, Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış, ölkəmiz iqtisadi cəhətdən xarici ölkələrdən tamamı ilə asılı vəziyyətə düşmüşdü. Ulu Öndər çevik siyasəti ilə ölkəmizdə tez bir zamanda sabitliyi təmin edərək dövlətçiliyi qorunub saxladı və inkişaf etdirdi.
Ümummilli Lider qeyd etmişdir: “Azərbaycan xalqının birliyi yeni ,demokratik ,heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli ,öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.
Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmiz, millətimiz üçün çox mürəkkəb dövrlərə təsadüf etmişdir. Müdrik rəhbər və uzaqgörən siyasətçi olan Heydər Əliyev hər dəfə mövcud problemləri müvəffəqiyyətlə həll edərək, xalqın ona bəslədiyi ümidləri doğrultmuş, qətiyyət nümunəsi göstərərək Azərbaycan xalqının gələcək taleyi ilə bağlı məsələlərdə böyük fədakarlıqla prinsipial vətənpərvərlik mövqeyini nümayiş etdirmişdir.
1990-cı ilin yayında Moskvadan Vətənə qayıdan Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi illər Azərbaycanın istiqlalı yolunda xüsusi mərhələ olmuşdur. Heydər Əliyevin Muxtar Respublikaya rəhbərlik etməsi ölkəmizin bu qədim diyarının erməni təcavüzündən xilas olmasında başlıca rol oynamışdır. 1993-cü ilin 15 iyununda Azərbaycan xalqının ən mürəkkəb bir zamanında xalqın təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi nəticəsində müdrik siyasətçi və təcrübəli dövlət xadimi olan Ümummilli Liderin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün daha şanlı və əzəmətli mərhələsinə qədəm qoydu.
Ulu Öndər Heydər Əliyevin böyük siyasətdən getməsi xalqımız üçün çox ağır müsibətlərə səbəb olmuşdu. Nəticədə Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min azərbaycanlı öz doğma yurdlarından zorla qovulmuş, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20%-i Dağlıq Qarabağ və ətraf 7 rayonun ərazisi işğal edildi.20 Yanvar hadisələrinə Ümummilli Lider Heydər Əliyevin münasibəti belə olmuşdur : “Münasibətim ondan ibarətdir ki,19-20 yanvar 1990-cı il hadisələri ,Bakıda baş vermiş hadisələr faciəvi hadisədir və mən belə hesab edirəm ki, Azərbaycanın 1920-ci ildən sonrakı tarixində belə faciəvi hadisə olmamışdır. Bu,xalqın böyük hiddətini doğurmuşdur.
Bu, Azərbaycan xalqına qarşı törədilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir. Və mən şəxsin bu hadisələri eşidərkən, yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedib öz fikrimi söyləmişəm, bütün bu aksiyanı ,bu əməliyyatı pisləmişəm”.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları idi. Ulu Öndər bunun üçün var qüvvəsi ilə çalışırdı və bu istiqamətdə çox böyük işlər görə bildi. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın müstəsna səlahiyyətinə daxildir və onu Azərbaycan Respublikası özü həll etməlidir”. “Çıxış yolu birdir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur” .
Xalqın çağırışı ilə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yarandığı, siyasi böhran yaşandığı, Ermənistan təcavüzü gücləndiyi bir vaxtda Ulu Öndər hakimiyyətə qayıtdı. Ümummilli Lider Heydər Əliyevin birinci hakimiyyət dövrü Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi, iqtisadi əsaslarını formalaşdırılmasına istiqamətləndirilmiş idi. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı isə əsl Qurtuluş oldu, milli müstəqil dövlətimizin qorunması və möhkəmləndirilməsi baxımından həlledici rol oynadı.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə möhtəşəm Qayıdışı ilə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, ölkəmizi türk dünyasının qabaqcıl məmləkətlərindən birinə çevirdi. Heydər Əliyevin fəaliyyətində hər zaman türk dünyasının qüvvələrini birləşdirmək və beynəlxalq nüfuzunu gücləndirmək ideyaları və səyləri xüsusi yer tuturdu. Ulu Öndər qeyd edirdi ki, “Azərbaycan türk diyarıdır, Azərbaycanlılar türklərdir”
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqının və dövlətinin inkişafı naminə əvəzsiz işlər görmüş Ümümmilli Lider Heydər Əliyev hər zaman qurur hissi ilə xatırlayacağımız dahi bir şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan bir şəxsiyyətdir. Azərbaycan tarixinin ən ağır zamanında - 1993-cü ilin iyun ayından etibarən ikinci dəfə respublika rəhbərliyinə qayıdan Ulu Öndər bu dövrdən başlayaraq ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin təşkilatçısı olmuşdur. İslahatların həyata keçirilməsində hər bir sahəyə məxsus olan spesifik xüsusiyyətləri nəzərə alan Ümumilli Lider bu islahatların son nəticə etibarilə sosialyönümlü olmasının hədəf kimi seçilməsini xüsusilə zəruri hesab edirdi. Bu yanaşma eyni zamanda Azərbaycanda həyata keçirilən islahatların əsas meyarı kimi istehsalın səmərəliliyinin yüksəldilməsi və bu əsasda xalqın həyat səviyyəsinin yüksəldilməsində özünü büruzə verən sosialyönümlü bazar iqtisadiyyatı modelinə üstünlük verilməsini bir daha sübut edir. Ulu öndərin iqtisadi islahatların həyata keçirilməsi istiqamətində baxışlarını səciyyələndirən ən vacib xüsusiyyət – islahatların həyata keçirilməsinin istiqamətlərini düzgün proqnozlaşdırmaqdan ibarət idi. Yeni təsərrüfatçılıq formalarının meydana gəlməsi, kiçik sahibkarlığın inkişafı, təşəbbüskarlığın genişləndirilməsinə imkan verən iqtisadi islahatlar Heydər Əliyev tərəfindən bazar iqtisadiyyatına gedən yolda əsas vasitə kimi dəyərləndirilmişdir. Sahibkarlığın ümumi islahatlar sistemində yerinin düzgün müəyyənləşdirilməsi, sahibkarlıq fəaliyyəti üçün zəruri şərait yaradılması, dövlət tərəfindən maliyyə və hüquqi cəhətdən dəstəklənməsinin əsası məhz Ulu Öndər tərəfindən qoyulmuşdur.
Sahibkarlığın inkişafı ilə yanaşı dövlət mülkiyyətinin özəlləşdirilməsi iqtisadi islahatların həyata keçirilməsində bir tamlıq, vəhdətlik yaratmış oldu. Ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. İqtisadi islahatların keçirildiyi zaman ümumi sosial-iqtisadi vəziyyətin aqrar sektorda aparılan islahatlarla qarşılıqlı əlaqə və asılılığını təmin edilməsi Heydər Əliyev iqtisadi islahatlar strategiyasının əsas istiqamətlərindən biri idi. Ən başlıcası isə ondan ibarətdir ki, iqtisadi islahatlar strategiyası liberallaşma ilə sosial-iqtisadi inkişaf arasında sinergetik bir vəhdət təşkil etmişdir. Beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrin genişləndirilməsini Heydər Əliyev Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkədə həyata keçirilən iqtisadi islahatların uğurla nəticələnməsinin əsas şərti hesab edirdi. Ümummilli Lider ölkə iqtisadiyyatının dünya standartlarına uyğun inkişafını dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsində əsas vasitə kimi dəyərləndirirdi. Yeni iqtisadi sistemin formalaşdırılmasında Ulu Öndər müvafiq qanunvericilik bazasının yaradılmasına xüsusi əhəmiyyət verərək, qanunların aliliyinin təmin olunmasını iqtisadi islahatların uğurla həyata keçirilməsi üçün başlıca zəmin hesab edirdi.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış proqrama uyğun olaraq iqtisadiyyatın liberallaşmasına istiqamətlənən islahatların həyata keçirilməsi nəticəsində ölkəyə tezliklə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Eyni zamanda demokratik prinsiplər əsasında vətəndaş cəmiyyəti quruculuğu prosesi həyata keçirilməyə başlandı.
Ümumi lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti Azərbaycanın müstəqiliyyin əbədi yolu ilə inamla irəliləməsi üçün əsaslı zəmin yaratdı. 2000-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatının bütün sahələri davamlı inkişaf yoluna çıxdı,işsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Heydər Əliyev xüsusilə də Azərbaycanın qeyri-neft sektorunda böyük imkanların hamısından istifadə olunmasını , iqtisadiyyatın bütün sahələrinin inkişafı əsasında əhalinin rifahının yüksəlməsini ,işsizliyin və yoxsulluğun azaldılmasını əsas strateji vəzifələr kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyev 2003-cü il noyabr ayının 17-də Respublika hökümətinin ilk iclasında qeyd edirdi ki, “Biz müstəqil Azərbaycanı 10 ildə yaradılmış möhkəm təməl üzərində zəngin və qüdrətli dövlətə çevirəcəyik” .Ümummilli Lider “Azərbaycan Respublikasında sosial iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”
24 noyabr 2003-cü il tarixli fərmanında Azərbaycanda irəliyə doğru inkişafın strategiyasını müəyyən etdi .
Azərbaycanın inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi, dahi şəxsiyyət, ümumilli lider Heydər Əliyevin zəngin irsi dövlətçiliyimizin tərəqqisi naminə xalqımız üçün böyük qürur mənbəyidir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982 və 1993-2003) hər zaman Azərbaycanın milli maraqlarını uca tutmuşdur. Heydər Əliyev təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi xalqımızın milli dəyərlərinə, tarixi soykökünə, adət- ənənələrinə, dövlətçilik prinsiplərinə sadiq qalaraq, Azərbaycanın ideoloji fəaliyyət strategiyasının məhz bu amillər üzərində qurulması kimi mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. 1993-cü ilin ikinci yarsında Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı zamanı ilk səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud “Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı müstəqil dövlətçilik ideyalarının bərqərar olunması istiqamətində fəaliyyətin əsas göstəricisi kimi çıxış edir.
Məlumdur ki, Azərbaycanda 1993-cü ilin iyun ayına qədər səriştəsiz siyasi hakimiyyətlərin bacarıqsız idarəçiliyi səbəbindən xalqımızın müstəqillik arzuları gerçəkləşə bilməmiş, ölkəmiz yenidən müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. İqtisadi böhranın daha da dərinləşməsi, ölkəmizdə mövcud olan anarxiya və talançılıq dövlət müstəqilliyinin getdikdə daha boğurdu. Digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti daha da genişlənirdi. Belə bir şəraitdə Azərbaycan xalqı ölkəmizin xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevə həvalə etdi. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixi kimi əbədi olaraq xalqın yaddaşına həkk olundu.
Heydər Əliyev qeyd edirdi ki, “ Azərbaycan Respublikası müstəqil olmalıdır, suverenliyini təmin etməlidir. Ərazi toxunulmazlığını və siyasi , iqtisadi suverenliyini təmin etməlidir və mən buna böyük ümid bəsləyirəm. Belə hesab edirəm ki, buna nail olmaq Azərbaycan xalqının özünün ixtiyarındadır ”. Ümummilli Liderin hakimiyyətə qayıdışı ictimai şüurda ölkəmizin müstəqilliyinin təminatı kimi yadda qaldı. 15 iyun 1993-cü il Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi kimi xalq tərəfindən ictimai-siyasi sabitliyin təmin olunması kimi dəyərləndirilir. 1993-cüil oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizin demokratiya yolu ilə gedəcəyini bəyan edərək ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı strateji inkişaf paradiqmalarını müəyyənləşdirdi.
Onun birbaşa rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının Konstitusiyası işlənib hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün möhkəm zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, “Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl Respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm,insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir. Azərbaycan yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır”.
Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı günə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhranı aradan qaldırdı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, vətəndəki sülhü təmin etdi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji əhəmiyyət kəsb edən möhtəşəm qələbəsi idi. 1998-ci il oktyabrın 11- də Ulu Öndər yenidən yekdilliklə Azərbaycan Respublikası Prezidenti seçildi.
Bu bir daha Ümummilli Liderə olan sonsuz inamı, etimadı və məhəbbəti sübut etdi. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illərində xalqımıza yeni, firavan və müstəqilliyi daha da möhkəmləndirilmiş Azərbaycan bəxş etdi. Məhz bu səbəbdən həmin illər şərəfli bir ömrün qızıl salnaməsi kimi xalqın yaddaşında əbədi qaldı. Ölkəmizin bugünkü yüksək inkişafı və tərəqqisi Ümummilli Lider Heydər Əliyev ideyalarından güc alır və bu həmişə yaşar ideyalara daim istinad edir. Başqa sözlə desək, Heydər Əliyevin müəllifi olduğu ideyalar bəşəri məzmun daşıdığına görə bugünkü uğur və nailiyyətlərimiz də həmin mənbələrə söykənir. Bu baxımdan Heydər Əliyevin yaratdığı zəngin irs bugünkü Azərbaycanın hərtərəfli inkişafının başlıca prioritet istiqaməti və gələcək tərəqqisinin strateji proqramıdır.
Bəli, qürur və fəxarət hissi ilə deyirik ki, ölkəmizin bügünkü inkişafı dahi şəxsiyyət Heydər Əliyev tərəfindən hazırlanmış mükəmməl bir proqramdır. Heydər Əliyev mövqeyi və ideyaları xalq tərəfindən qəbul və təsdiq edilən həqiqət konsepsiyasıdır. Ona görə ki, Azərbaycan tarixinin müdriklik zəkasından qaynaqlanan Heydər Əliyev ideyaları milli mentalitetimizin bütün atributlarını və prioritet məsələlərini sistemli şəkildə əhatə edir. Heydər Əliyev şəxsiyyəti ümumxalq zəkası ilə ayrılmaz bir vəhdətdə, vahid bir ideyada birləşmişdir. Heydər Əliyev Azərbaycan xalqının yaradıcılıq potensialına müstəqillik ideyalarında birləşdirən Ümummilli Lider və müqəddəs rəhbər olmuşdur.
Heydər Əliyev böyük bir şəxsiyyət kimi cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bütün zəruri tədbirləri həyata keçirmişdir. Böyük Öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir dəyərləri özündə birləşdirən yeni inkişaf strategiyasının təməlini təşkil etmişdir. İctimai-siyasi sabitlik bu strategiyanın əsas dayaqlarından biri kimi çıxış etmişdir. Əlbəttə ki, sabitliyə nail olmadan yeni və daha mütəşəkkil idarəetmə sisteminə keçidi reallaşdırmaq mümkün deyildir. Bu gün ciddi əsaslara malik ictimai-siyasi sabitliyin hökm sürdüyü, iqtisadiyyatı inkişaf edən, əhalinin etibarlı sosial müdafiəsini təmin edən müstəqil Azərbaycan xarici siyasət sahəsində də fəal diplomatik əlaqələrə malikdir.
Ümummili lider Heydər Əliyevin qətiyyətli əzmi sayəsində Azərbaycanda demokratik dövlət yaradılması üçün yeni iqtisadi sistemin formalaşması, iqtisadiyyat sahəsində demokratik islahatların həyata keçirilməsi zərurəti ön plana çəkildi, bazar iqtisadiyyatının formalaşması üçün müvafiq hüquqi baza yaradıldı. Özəlləşdirmə, sahibkarlığın inkişafı, maliyyə sisteminin yenidən qurulması, liberallaşdırma, rəqabətin inkişafı, əhalinin sosial müdafiəsini təmin edən mühüm qanunvericilik aktları qəbul edildi.
Ulu Öndər Heydər Əliyev bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesi zamanı dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını daim xüsusi diqqət mərkəzində saxlamışdır. Həmin dövrdə qarşıya qoyulmuş strateji məqsədlərin reallaşdırılması məqsədilə sosial-iqtisadi inkişaf prosesində xarici kapital amilinin zəruriliyini qeyd edən Ulu Öndər Heydər Əliyev xarici şirkətlər ilə birgə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına xüsusi əhəmiyyət vermiş,investisiya layihələrinin həyata keçirilməsinin başlıca şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanmasına rəhbərlik etmişdir.
Heydər Əliyev respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təlimatçısı kimi dəyərləndirilmiş, güclü sahibkarlar təbəqəsinin cəmiyyətdəki mövqeyinin güclənməsinə çalışmışdır. Dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması biznes mühitinin liberallaşmasına öz müsbət təsirini göstərmişdir.
1993-2003-cü illərdə Azərbaycanda həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Ulu Öndərin iqtisadi irsinə əsaslanan bu modelin əsas xüsusiyyətləri iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan strateji qərarların qəbul edilməsi, inkişaf üzrə müəyyən edilən istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, sosialyönümlülük, beynəlxalq təcrübəyə arxalanma, milli mentalitetin nəzərə alınmasıdır.
Ümummilli Lider Heydər Əliyevin iqtisadi irsinin tədqiqi nəzəri-konseptual cəhətdən xüsusi əhəmiyyətli bir sıra ümumiləşdirmələrlə əlaqədardır: iqtisadi sistemin inkişafının bütövlükdə ictimai sistemin inkişafı ilə kompleks halda həyata keçirilməsi, ümummilli mənafelərinin dolğun şəkildə öyrənilməsi, iqtisadi sistemin sosial strukturunun milli-mental dəyərlər sisteminə uyğunluğu, dövlət müstəqilliyinin və milli təhlükəsizliyin qorunub saxlanması.
Ümummilli Lider Heydər Əliyevin mükəmməl əsəri olan Azərbaycan modeli ilk növbədə ölkə vətəndaşlarının sosial rifahı səviyyəsinin yüksəldilməsinə istiqamətlənmişdir. Respublikanın milli iqtisadi inkişaf modelində başlıca xüsusiyyətlərindən birini isə sosialyönümlülük təşkil etmişdir. İstehsal sahibkarlığının inkişafı, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin həlli ilə əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil etmişdir.
Heydər Əliyevin həyata keçirdiyi islahatlar, Azərbaycan iqtisadiyyatının gücləndirilməsiistiqamətində reallaşdırdığı geniş miqyaslı quruculuq işləri ölkəmizin beynəlxalq miqyasda güclü mövqe tutmasına səbəb oldu. Ulu Öndərin həyata keçirdiyi islahatlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Heydər Əliyevin rəhbərliyi dövründə (1993-2003) ÜDM 1,7 dəfə, büdcə gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əmək haqqı 6,2 dəfə artdı. İnflyasiya ssəviyyəsi 2– 3 faizədək azaldı. Dahi rəhbərin liderliyi dövründə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcimində investisiya qoyuldu. 1993-2003-cü illər Azərbaycanda sabitlik və inkişaf dövrü oldu. Həmin dövrdə Ümummilli Liderin sosial-iqtisadi strategiyasına uyğun olaraq iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 30-a yaxın dövlət proqramı təsdiq edildi, 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı. Heydər Əliyevin ərsəyə gətirdiyi neft konsepsiyası Azərbaycanın uzunmüddətli uğurlu sosial-iqtisadi inkişafının təməlini qoydu. “Əsrin müqaviləsi” Azərbaycanın geosiyasi mövqelərini möhkəmləndirdi, iqtisadiyyatın sürətli inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına təkan verdi. Heydər Əliyevin neft strategiyası Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına əzmlə inteqrasiya etməsinə şərait yaratdı, xarici investisiyaların cəlb edilməsi ölkəmizi maliyyə çatışmazlığından xilas etdi,həmin dövrdə dünyanın bir çox aparıcı neft şirkətləri ilə sazişlər imzalandı.
Neftin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorosiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşasına dair saziş imzalandı. Neft strategiyasının ən böyük uğurlarından olan Bakı- Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Azərbaycan qazının ixracının təmin olunması üçün Ulu Öndərin təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Dövlət Neft Fondunun yaradılmasında əsas məqsəd neft yataqlarının xarici şirkətlərlə birgə fəaliyyəti üzrə neftin satışından əldə edilən gəlirlərin səmərəli idarə edilməsi və iqtisadiyyatın prioritet sahələrinin inkişafına yönəldilməsindən ibarət idi. Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Neft Fondunun ilk vəsaiti qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. O vaxtdan etibarən Dövlət Neft Fondu neft və qaz hasilatından əldə edilən vəsaitlərin səmərəli idarə edilməsi prinsipinə sadiq fəaliyyət göstərir.
Ulu Öndər Heydər Əliyevin uğurlu inkişaf strategiyası haqqında Prezident İlham Əliyev söyləmişdir: “Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların fəal üzvüdür və bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.
Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası həmişə yaşar, uzaqgörən və əbədidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətdə Ulu Öndər demişdir: “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir”. Bütün varlığı ilə Azərbaycana bağlı olan böyük şəxsiyyət, görkəmli dövlət xadimi, dahi lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Ulu Öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biri də davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycanın dövlət müstəqilliyini daha da gücləndirilməsinə xidmət edən layiqli davamçısını yetişdirməsidir. Böyük türk dünyasının görkəmli dövlət xadimi olan Heydər Əliyevi Azərbaycan xalqının tarixi şərəfli bir irsi kimi davam etdirmək hər bir azərbaycanlının mənəvi borcudur. Bü gün yüksək təfəkkür, zəngin dövlətçilik təcrübəsinə malik, praqmatik lider Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış nailiyyətlər Heydər Əliyev irsini tamamlayır və dayanıqlı inkişafa doğru aparır.
Azərbaycan xalqı üçün 2020-ci ilin payızı tarixinin ən şərəfli dönəmlərindən biri hesab edilir. 44 günlük müharibə dövrü ərzində Ali Baş Komandan Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək, xalqın uzunmüddətli həsrətinə son qoymuşdur. Rəşadətli Azərbaycan Ordusunun Prezident İlham Əliyevin mükəmməl hərbi strategiyasının nəticəsi olan bu Şanlı Qələbəsinin mənəvi töhvəsi olan ruh yüksəkliyi Azərbaycan cəmiyyətində xalqın özgüvəninin yüksəlməsi, qamətinin dikəlməsi, onun qalib obrazı və xarakterinin formalaşması üçün müstəsna rol oynamışdır. Bu gün müasir Azərbaycan dövlətinin memarı, xalqının və dövlətinin müstəqilliyi naminə böyük işlər görmüş, ürəyi daima xalqın səadəti uğrunda döyünən Ulu Öndər Heydər Əliyevin ruhu əlbəttə ki, şaddır. Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilmiş, Qarabağ əbədi azadlığına qovuşmuşdur. Bu Böyük Qələbə Ümummilli Liderin möhtəşəm siyasətinin layiqli davamı olmaqla onun əbədiliyini bir daha sübut edir.
Tarixi zəfərlə başa çatmış Vətən müharibəsində Qarabağın Ermənistanın 30-illik işğalından azad edilməsi Ulu Öndər Heydər Əliyevin sadiq davamçısı, böyük sərkərdəlik məharətinə, güclü iradəyə, qətiyyətli əzmə malik Ali Baş komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi rəşadətli qələbələrlə yanaşı həm də diplomatiya meydanında da müvəffəqiyyətli zəfərlərlə şərtlənir. Başqa sözlə, İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər hərbi-diplomatik qələbə kimi tarixdə qalacaqdır. Ümummilli Liderin layiqli davamçısı İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirmiş övlad, həm də Onun memarı olduğu dövlətin rəhbəri, qüdrətli Ordunun Ali Baş komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür. Qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur və onun ruhu qarşısında baş əyir.
İ.e.d.prof.Quliyeva Şəfa (UNEC) ,
Bayramov Sənan (UNEC doktorantı)