A

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və UNEC-in də qoşulduğu “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramı başa çatıb.

Proqram ərzində iştirakçılara biznes, sahibkarlıq, innovasiya menecmenti, layihələrin idarəetmə prinsipləri, startap məhsulunun inkişafı, İT, arxitektura və mühəndislik, komandanın idarəolunması, startapın maliyyələşdirilməsi və biznesə start, effektiv ünsiyyət bacarıqları və kommunikasiya kimi istiqamətlərdə təlimlər həyata keçirilib. Eyni zamanda yay proqramı təşkil olunub.

Sentyabr ayından başlayan və mentorluq proqramının II hissəsi olan ixtisaslaşma proqramı ərzində təlimlər və ekspert görüşləri həyata keçirilib. İxtisaslaşma proqramı mentorluq, texnika və mexanizmləri, komandanın idarəolunması, startap inkişafı və maliyyələşdirilməsi (fundraising), inkubasiya xidmətləri, emosional intellekt, pozitiv düşüncə və s. digər mövzularda təlimləri əhatə edib.

2022-ci ildən layihənin fəaliyyət dairəsinin daha da genişləndirilməsi, yeni universitetlərlə əməkdaşlıqların qurulması və növbəti komponent olan inkubasiya proqramının həyata keçirilməsi nəzərdə tutulur.

Artıq layihə tərəfdaşı olan universitetlərdə biznes inkubatorların fəaliyyətinin və inkubasiya proqramlarının təşkili məqsədilə, resurs mənbələrinin təmin edilməsi və startap mühiti formalaşdırmaqla tələbələrin yetişdirilməsi istiqamətində işlər görülməkdədir.

Xatirladaq ki, UNEC “Gələcək üçün bacarıqlar” layihəsinə bu ilin aprel ayından qoşulub. Layihə çərçivəsində “Mentorluq üzrə ixtisaslaşma proqramı”nda UNEC-in Karyera planlaşdırılması və inkişafı kafedrasının müdiri, s.ü.f.d. Rəşad Məhhərəmov, İqtisadiyyat və idarəetmə kafedrasının və SABAH qruplarının müəllimi  Aygün Abdulova, İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Zeynəb Qiyasova və Beynəlxalq Əməkdaşlıq Departamentinin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Rauf Məmmədov iştirak ediblər.

2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi 2 komponentdən ibarətdir:

  1. İnnovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi məqsədilə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramı, həmin mentorların iştirakı ilə tələbələrin startapçı kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edir.
  2. İnnovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Layihə çərçivəsində UNEC tələbələri arasında “Gələcək hansı bacarıqlar üzərində gələcək?”, “Gələcək üçün hansı bacarıqlarınızı inkişaf etdirmək istəyərdiniz?”, “Bu tip layihələrin həyata keçirilməsinə necə baxırsınız?”, “Gələcək üçün bacarıqlar" layihəsinə qoşulmaq istərdinizmi?” suallarından ibarət olan sorğu da keçirilib.

https://www.facebook.com/gelecekuchunbacariqlar

https://www.instagram.com/gelecekuchunbacariqlar/

TOP XƏBƏRLƏR