A

AZƏRTAC

Tarixə nəzər yetirsək XX əsrin Azərbaycan üçün sınaq dövrü olduğunu deyə bilərik. Əsrin əvvəllərindən başlayaraq Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı hadisələri əsrin sonlarına doğru daha da gücləndi. Ermənilər əsrlər boyu Azərbaycanın ərazi bütövlüyünə, dininə, dilinə, mədəniyyətinə qarşı təcavüzkar siyasət yürüdüb. Lakin biz xalq olaraq heç vaxt öz müstəqilliyimizdən, mədəniyyətimizdən, dinimizdən, dilimizdən yan keçmədik. Çünki bizim dərin köklərə malik dövlətçilik adət-ənənəmiz var! Xocalı soyqırımı qan yaddaşımızdır!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova söyləyib. O qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə ermənilərin əsas hədəf nöqtəsi məhz Xocalı şəhəri idi. Bu, heç də təsadüfi deyildi. Xocalı şəhərini hədəfə almaqla bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən Xocalı şəhər mədəniyyətini yer üzündən birdəfəlik silmək idi. Eyni zamanda, onlar bu soyqırımını həyata keçirməklə xalqın müstəqillik əzmini qırmağa çalışırdılar.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da quru yolun əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq helikopter əlaqəsi qalmışdı. Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulmasından və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Amma bütün bunlara baxmayaraq orada yaşayan əhali bir an belə şəhəri tərk etməyi düşünmürdü. Budur vətən sevgisi, budur torpaq sevgisi! Bu mənada Xocalı hadisəsi bir qəhrəmanlıq tarixidir.

Fevralın 26-da erməni qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalıya hücum etdi. Həmçinin yanğınlar törədilmiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdü. Belə bir vəziyyətdə erməni mühasirəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqda azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Hava limanının enmə zolağı qəsdən məhv edilərək yararsız hala salınmışdı. Ağdam rayonuna qaçan əhali yaxın ərazidə gülləyə tutuldu və nəticədə çoxlu sayda insan həlak oldu.

Bu soyqırımı nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.

Soyqırımı yaşadıq, amma o zaman səsimizi, hayqırtımızı heç kəs eşitmədi. Uşaq idim o zaman - 7 yaşım var idi və atam - polkovnik Vaqif Cəfərov Birinci Qarabağ müharibəsinin iştirakçısı və daha sonra veteranı oldu. Hər dəfə atamın cəbhədən gəlişini gözləyirdim. Xocalı soyqırımından sonra atam daha da hiddətlənmiş, haqsızlığa qarşı çıxırdı. Onu qəzəbləndirən əsas məsələ səsimizin dünya dövlətləri tərəfindən eşidilməməsi idi və bir gün atamın sevinc içində gəlişini gördüm. Sevincinin həddi-hüdudu yox idi. Yalnız bu sözləri işlətdi “Nəhayət haqq öz yerini tapacaq”.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi böyük tədbirlər nəticəsində, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən və dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Ulu Öndər martın 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciət edərək bu hadisəni, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət kimi səciyyələndirdi. Ümummilli Liderimizin 1997-ci il fevralın 25-də imzaladığı Sərəncama əsasən hər il fevralın 26-sı ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

TOP XƏBƏRLƏR