UNEC Türk Dünyası Gənclər Təşkilatı və UNEC İqtisadçı Vətənpərvərlər təşkilatının birgə təşkilatçılığı ilə Göyqurşağı yaşayış massivində “Odlar Yurdunda Novruz” adlı möhtəşəm konsert proqramı təşkil olunub.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etməklə başlayıb. Dövlət himni səsləndirildikdən sonra çıxış edən təşkilatçılar şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğının göstərilməsinin önəmini vurğulayıblar. Onlar bildirib ki, Novruz bayramı milli birlik, həmrəylik rəmzi olmaqla yanaşı, xalqımızın qəhrəman övladlarının ruhunu yaşatmaq və onlara ehtiram nümayiş etdirmək üçün bir fürsətdir.
Konsert proqramında Azərbaycanın tanınmış sənətçiləri, UNEC tələbələri və gənc istedadlar Novruz bayramının ruhuna uyğun çıxışlar ediblər. Xalq və bəstəkar mahnıları, klassik musiqilər, muğam və rəqs nömrələri tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Sonda birlik və bərabərlik rəmzi olaraq tonqal ətrafında yallı gedilib. Tədbir xoş təəssüratlarla yekunlaşıb və bu cür sosial məsuliyyət layihələrinin davamlı olacağı vurğulanıb.