UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbələri ingilis dilində tamaşa səhnələşdiriblər.
Məşhur fransız yazıçısı Aleksandr Dümanın “Üç muşketyor” adlı əsəri əsasında hazırlanan tamaşada tələbələr XVII əsrdə Dartanyan adlı gəncin evini tərk edərək, Parisə getməsindən və qvardiyanın muşketyorlarına qoşulmasından bəhs edən maraqlı və dinamik obrazlar canlandırıblar. Tələbələrin böyük ruh yüksəkliyi ilə oynadıqları tamaşanın fasilələrində “HarmonISE” klubunun üzvləri müxtəlif musiqilər ifa ediblər.
Tamaşadan sonra tələbələri təbrik edən UNEC-in rektoru, professor Ədalət Muradov onların səhnə bacarıqlarını yüksək qiymətləndirib. UNEC-də tələbələrin yaradıcılıq fəaliyyəti, onların mədəni həyat tərzini formalaşdırmaq istəkləri və incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq əzmi ilə qürur duyduğunu ifadə edib. O, tələbələrə gələcək fəaliyyətlərində və qarşıdan gələn imtahanlarda uğurlar arzulayıb.
Tamaşanın rejissoru “Xarici dillər” kafedrasının müəllimi Aysel Xəlilovadır. Qeyd edək ki, rolları ifa edən tələbələrin böyük əksəriyyəti prezident təqaüdçüləri olub.