Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.
- Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
- Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 ölçüdə)
- iş yerindən xasiyyətnamə (iş yeri olanlar üçün);
- iş stajı olanlar üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələrdə, təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələrdə, seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələrdə, prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələrdə və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələrdə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələrdə çalışanlara, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin nəşr edildiyi jurnaldan çıxarılan surətləri əlavə edilməklə). Elmi əsərlərin məzmunu iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır. Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər (referatın məzmununa və tərtibinə dair tələbləri https://unec.edu.az/idareetme11/departments/doktorantura-sobesi/ səhifəsindən əldə etmək olar);
- ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri və yaxud onları təsdiq edən və Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş QR kodlu sənədlər. Xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (TKTA) tərəfindən verilən şəhadətnamə;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Doktoranturaya qəbul üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
- Sənədlərin təqdim olunması 8 iyun 2026-cı il tarixinədək portal.edu.az platforması üzərindən aparılacaqdır. Sənədlər elektron formada (pdf) yüklənməlidir.
- Sənədləri qəbul olunan iddiaçılar 2026-ci ilin iyun ayında “Xarici dil” fənnindən Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər. “Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda “məqbul” qiymət almış şəxslər “İxtisas” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanın 1-3 sentyabr 2026-cı il tarixlərində, “İxtisas” fənnindən imtahanın isə 8-10 sentyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.
- Suallar yarandığı təqdirdə UNEC-in Doktorantura şöbəsinə müraciət edə bilərsiz.
Ünvan: Bakı şəh., Abbas Səhhət küçəsi 45A, UNEC-in IV korpusu (Bakı Təhsil İdarəsinin yanı), Doktorantura şöbəsi (otaq 104). Telefon: 012-492-59-03 (Daxili nömrə 14-22)