Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin metrik göstəricilər əsasında beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və strateji qərarların elmi əsaslarla qəbul edilməsi məqsədilə Elsevier şirkətinə məxsus SciVal analitik platformasının tətbiqinə başlanıb.
SciVal sistemi Scopus bazasının müxtəlif verilənləri əsasında formalaşır və Tədqiq etmə, Müqayisə, Hesabat, SciVal və Scopus adlı beş paneli əhatə edir. Tədqiq etmə panelinin xülasə hissəsində nəşr göstəriciləri, elmi töhfə, tədqiqat sahələri, reytinqlər, əməkdaşlıq, təsir faktorları və maliyyələşdirmə mənbələri yer alır. Bu panel UNEC-in elmi fəaliyyətinin ölçülə bilən və şəffaf monitorinqini təmin etməyə, elmi siyasət və inkişaf strategiyasını analitik məlumatlar əsasında formalaşdırmağa, universitetin beynəlxalq elmi nüfuzunu və görünürlüğünü artırmağa, tədqiqatçıların və struktur bölmələrin fəaliyyət səmərəliliyini yüksəltməyə xidmət edir.
Müqayisə panelinin alətləri ölkələrin, universitetlərin, elmi qurumların və tədqiqatçıların elmi performansını müxtəlif metrik göstəricilər üzrə müqayisəli şəkildə təhlil etməyə imkan yaradır.
Hesabat bölməsi UNEC-in və ya fərdi tədqiqatçıların elmi fəaliyyətinə dair müxtəlif göstəricilər üzrə xülasə və analitik hesabatların hazırlanmasına şərait yaradır. Bu paneldə məlumatlar vizual qrafiklər, cədvəllər və müqayisəli analizlər formasında təqdim olunur.
SciVal platformasının tətbiqi UNEC-in elmi fəaliyyətinin beynəlxalq reytinqlər kontekstində obyektiv qiymətləndirilməsinə, universitetin elmi istiqamətdə güclü və zəif tərəflərinin müəyyənləşdirilməsinə, elmi tədqiqatların keyfiyyət və təsir səviyyəsinin yüksəldilməsinə, beynəlxalq əməkdaşlıq potensialının təhlili və genişləndirilməsinə, eləcə də strateji planlaşdırma və idarəetmədə elmi əsaslı qərarların qəbuluna imkan yaradır.
SciVal analitik sisteminin UNEC-də tətbiqi universitetin elmi idarəetmə mexanizmlərinin modernləşdirilməsi istiqamətində mühüm addım hesab olunur və UNEC-in qlobal elmi məkanda mövqeyinin möhkəmlənməsinə töhfə verir.
Növbəti mərhələlərdə SciVal platformasının funksional imkanları əsasında UNEC-in prioritet tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, struktur bölmələr və fərdi tədqiqatçılar üzrə dərin analitik təhlillərin aparılması, əldə olunan nəticələrin elmi idarəetmə və strateji qərarvermə proseslərinə inteqrasiyası nəzərdə tutulur. Mövzu ilə bağlı məlumatların davamı növbəti paylaşımlarda ictimaiyyətə təqdim ediləcək.