A

Ötən ilin dekabr ayında UNEC-in 6 tədqiqatçısı elmi fəaliyyətlərini Avropanın aparıcı ali təhsil müəssisələrində davam etdirməsi universitetin elmi inteqrasiyası baxımından mühüm addım oldu.

Bu tədqiqatçılardan biri də UNEC-in tədqiqatçı müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Həsrəddin Quliyevdir. O, Almaniyanın nüfuzlu Fridrix-Aleksandr Universitetində (FAU) üç həftəlik elmi ezamiyyətdə olaraq, burada formalaşmış tədqiqat mühiti və müasir elmi yanaşmalarla yaxından tanış olmaq imkanı qazanıb. Səfər çərçivəsində Həsrəddin müəllim universitetin Biznes Məktəbi nəzdində aparılan tədqiqatları izləyib, xüsusilə dairəvi iqtisadiyyat və süni intellektin iqtisadi təsirləri ilə bağlı qabaqcıl yanaşmaları öyrənib.

Müsahibəmizdə Həsrəddin Quliyev Almaniyanın Fridrix-Aleksandr Universitetində əldə etdiyi təcrübələr, bu biliklərin ölkə elminə verə biləcəyi töhfələr, eyni zamanda yerli elmi mühitdə mövcud olan boşluqlar və onların aradan qaldırılması ilə bağlı fikirlərini bölüşüb.

- Həsrəddin müəllim, elmi ezamiyyət çərçivəsində xarici universitetdə apardığınız tədqiqat və qazandığınız təcrübə sizin elmi yanaşmanıza hansı yenilikləri gətirdi?

- Fridrix-Aleksandr Universitetində keçirdiyim üç həftəlik elmi ezamiyyət mənim üçün çox aydın bir mesaj verdi: elmdə əsas olan kəmiyyət deyil, keyfiyyətdir. Ezamiyyət müddətində müşahidə etdim ki, sahəsinin peşəkarı olan professorlar ildə cəmi 1-2 məqalə dərc edirlər. Lakin bu məqalələr elə dərin və əsaslı olur ki, onları oxuyarkən arxasında illərin zəhmətinin, geniş məlumat bazaları ilə aparılan ciddi işin və güclü metodoloji yanaşmanın dayandığını aydın hiss eidrsən. Məhz bu yanaşma mənim elmi baxışıma gətirdiyim ən əsas yenilik oldu.

- Bəs xarici universitetlərdə müşahidə etdiyiniz elmi mühit və tədqiqat mədəniyyəti ilə ölkəmizdəki mövcud vəziyyət arasında hansı fərqləri müşahidə etdiniz?

- Ən böyük fərq tədqiqatın necə başladığıdır. Bizdə çox vaxt iqtisadi araşdırmalarda sual belə qoyulur: “İqtisadi indiqatorlar arasında əlaqə varmı?” Orada isə sual tamam başqa yerdən başlayır: “Problem niyə baş verir və bunu necə dəyişə bilərik?”

Məsələn, ətraf mühitlə bağlı tədqiqatlarda çox vaxt karbon qazı (CO₂) səviyyəsinə təsir edən amillər sadəcə araşdırılır və aralarındakı əlaqələr göstərilir. Almaniyada isə yanaşma daha praktikdir: “Nəqliyyatın sıx olduğu ərazilərdə havaya buraxılan zərərli qazların miqdarını necə azalda bilərik?” sualından yola çıxırlar. Daha sonra bu problemi həm texniki sahənin mütəxəssisləri, həm də sosial elmlər üzrə tədqiqatçılar birlikdə həll etməyə çalışırlar. Diqqət çəkən digər məqam isə odur ki, tədqiqatların böyük hissəsi makro göstəricilərdən çox mikro səviyyədə aparılır. Yəni ölkə üzrə ümumi göstəricilər əvəzinə fərdlərin, firmaların, müəssisələrin və əmək bazarında davranışların öyrənilməsinə üstünlük verilir. Bu sahələrdə məlumat toplamaq daha çətin olsa da, nəticədə real, tətbiq oluna bilən və praktik həllər təklif etmək baxımından daha faydalı hesab olunur.

-Bu təcrübənin universtetdə elmi-tədqiqat mühitinin inkişafına hansı real töhfələri verə biləcəyini düşünürsünüz?

- Məncə, bu təcrübə UNEC-də elmi-tədqiqat mühitinin inkişafına bir neçə real istiqamətdə töhfə verə bilər.

Birincisi, metodoloji yanaşmanın yenilənməsi üçün ciddi imkan açır. Problem yönümlü tədqiqat dizaynı, nəticələrin ölçülməsi və qiymətləndirilməsi üçün aydın metrikalar artıq tədqiqatın sadəcə “əlavə” elementi deyil, onun əsasını təşkil etməlidir. Bu yanaşma tədqiqatların həm keyfiyyətini, həm də praktik dəyərini artırar.

Digər tərəfdən, FAU-da diqqətimi çəkən mühüm məqamlardan biri beynəlxalq tədqiqatçıların universitet tədqiqatçıları ilə daha rahat əməkdaşlıq etməsi üçün qurulmuş onlayn müraciət və qəbul sistemidir. Bu sistemin çevik və şəffaf işləməsi xarici əməkdaşlıqları xeyli asanlaşdırır. Belə bir modelin UNEC-də də tətbiqi həm beynəlxalq tədqiqat əlaqələrinin genişlənməsinə, həm də elmi mühitin daha açıq və dinamik olmasına real töhfə verə bilər.  

Üçüncüsü isə beynəlxalq əməkdaşlığın daha sıx və davamlı qurulmasıdır. Almaniyada gördüyüm təcrübə göstərir ki, beynəlxalq tərəfdaşlıq təkcə qısa müddətli ezamiyyətlərlə məhdudlaşmır, uzunmüddətli birgə layihələr, ortaq məlumat bazaları və birgə nəşrlər üzərində qurulur. Bu yanaşma UNEC üçün də tətbiq olunsa, xarici tədqiqatçılarla əlaqələr daha sistemli xarakter alar, universitetin beynəlxalq elmi şəbəkələrdə görünürlüyü artar və yerli tədqiqatçıların qlobal elmi mühitə inteqrasiyası daha da güclənər.

– Sizcə, ölkədə elmi tədqiqat mühitdə mövcud boşluqlar nələrdir və bu mühitin daha praktik və faydalı olması üçün hansı dəyişikliklərə ehtiyac var?

– Məncə, ölkədə elmi tədqiqat mühitinin formalaşmasına mane olan əsas çətinliklər bir neçə istiqamətdə cəmlənir və bunlar bir-biri ilə sıx bağlıdır.

İlk növbədə, aparılan tədqiqatların əhəmiyyətli hissəsi hələ də təsviri xarakter daşıyır və real problemlərin həllinə yönəlmir. Bu isə elmin cəmiyyət və iqtisadiyyat üçün təsir gücünü zəiflədir.

Digər mühüm problem etibarlı məlumat bazalarının və nəticələri ölçməyə imkan verən mexanizmlərin yetərincə inkişaf etməməsidir. Bununla yanaşı, uzunmüddətli və sabit maliyyələşmənin məhdudluğu tədqiqatçıların daha dərin və davamlı layihələrə fokuslanmasına mane olur. Eyni zamanda, elmi mühitlə sənaye və dövlət strukturları arasında sistemli əməkdaşlığın zəif olması elmi nəticələrin praktikaya tətbiqini çətinləşdirir.

Bu problemlərin aradan qaldırılması üçün dəyişiklik ilk növbədə tədqiqat sualının qurulmasından başlamalıdır. Elmi araşdırmalar sadəcə “nə baş verir?” sualına cavab axtarmamalı, daha çox “niyə baş verir?”, “problemin əsas qaynağı nədir?” və “mövcud vəziyyəti necə dəyişmək olar?” kimi suallar üzərində qurulmalıdır.

Önəmli məsələlərdən biri də dövlət və sənaye ilə əlaqəli tədqiqat sifarişi–qrant–nəticə zəncirinin formalaşdırılmasıdır. Yəni real problem müəyyənləşdirilməli, bu problem üçün resurs ayrılmalı və tədqiqatdan ölçülə bilən, konkret nəticələr tələb olunmalıdır. Xüsusilə əmək bazarı, firmaların fəaliyyəti və texnologiyaların adaptasiyası kimi sahələrdə mikro səviyyəli məlumat infrastrukturu gücləndikcə, elmi tədqiqatların həm keyfiyyəti, həm də real təsiri əhəmiyyətli dərəcədə artacaq.

- Xarici təcrübəyə əsaslanaraq, elmi fəaliyyətin keyfiyyətinin artırılması üçün universitetlərdə hansı mexanizmlər tətbiq olunmalıdır?

- Xarici təcrübəyə baxdıqda deyə bilərəm ki, ölkədə elmi fəaliyyətin keyfiyyətinin artırılması üçün universitetlərdə ilk növbədə yanaşma dəyişməlidir. Ən effektiv mexanizmlərdən biri keyfiyyətə əsaslanan qiymətləndirmə sistemidir. Yəni tədqiqatçıların fəaliyyəti sadəcə məqalələrin sayı ilə deyil, işin metodoloji dərinliyi, elmi və praktik təsiri, ortaya qoyduğu real nəticələrlə ölçülməlidir.

Bununla yanaşı, fərdi işləməklə bərabər, güclü tədqiqat qruplarının formalaşdırılması vacibdir. Xarici uğurlu nümunələr göstərir ki, məlumat bazasının, kodların və metodların paylaşıldığı komanda mədəniyyəti həm tədqiqatın keyfiyyətini artırır, həm də davamlılığı təmin edir.

Digər mühüm mexanizm isə dövlət, sənaye və universitetlər arasında birgə layihələrin genişləndirilməsidir. Çünki real problemlər çox vaxt məhz bu sahələrin kəsişməsində yaranır və elmi tədqiqat birbaşa həmin problemlərə toxunduqda həm daha faydalı olur, həm də cəmiyyət və iqtisadiyyat üçün dəyər yaradır. Bu cür mexanizmlər tətbiq olunarsa4 universitetlərdə elmi fəaliyyət formal öhdəlikdən çıxaraq canlı, təsirli və nəticəyönümlü bir prosesə çevrilə bilər.

Ümumiləşdirib deyə bilərəm ki, keyfiyyətə əsaslanan qiymətləndirmə, güclü tədqiqat qrupları, eləcə də dövlət–sənaye–universitet birgə layihələrinin genişləndirilməsi keyfiyyətin artırılması üçün ən güclü mexanizmlərdir. Çünki problem haradadırsa, tədqiqat da ora toxunmalıdır.

- Bəs gənclərin elmə və tədqiqata marağının artırılması üçün hansı təşviq və dəstək mexanizmləri daha effektiv ola bilər?

- Gənclər üçün ən böyük motivasiya odur ki, “mənim gördüyüm iş nəyisə dəyişir”. Ona görə də ən effektiv mexanizmlər real problem üzərində qurulan tədqiqat təcrübələri və layihələr, mentorluq proqramları və beynəlxalq şəbəkələrə çıxış, kiçik qrantlar, yay məktəbləri, data və proqramlaşdırma təlimləridir. Ən əsası isə gəncin tədqiqatının real qərarlara təsir etdiyini göstərə bilən tətbiq platformalarının olmasıdır.

- Qarşıdakı illərdə UNEC-də elmi tədqiqatların inkişafı ilə bağlı gözləntiləriniz və şəxsi elmi hədəfləriniz nələrdir?

- Qarşıdakı illərlə bağlı əsas gözləntim UNEC-də beynəlxalq əməkdaşlığın daha da güclənməsi və elmi tədqiqatların daha çox tətbiqi nəticələr verməsidir. Düşünürəm ki, universitetin elmi mühiti qlobal tədqiqat şəbəkələrinə nə qədər açıq olarsa, ortaya çıxan nəticələrin təsiri də bir o qədər yüksək olar.

Şəxsi elmi hədəflərimə gəldikdə isə, hazırda Energy Economics (Q1), Green Development and Innovation (Q1) və R Journal (Q1) kimi beynəlxalq reytinqli jurnallarda incələmə mərhələsində olan elmi məqalələrim var. 2026-cı ildə də əvvəlki illərdə apardığım elmi fəaliyyətin məntiqi davamı olaraq bu məqalələrin nəşrini davam etdirmək, eyni zamanda UNEC-in beynəlxalq elmi arenada tanınırlığının artmasına töhfə vermək əsas prioritetlərim sırasında yer alır.

UNEC-də elmi fəaliyyətin səmərəli olması istiqamətində son illərdə atılan hansı addımları daha effektiv hesab edirsiniz?

- Son illərdə UNEC-də elmi fəaliyyətin səmərəli qurulması istiqamətində atılan ən effektiv addımlardan biri beynəlxalq elmi şəbəkələrdə təmsilçiliyin məqsədyönlü şəkildə artırılmasıdır. Uzunmüddətli elmi ezamiyyətlərin təşkili, beynəlxalq elmi məlumat bazaları ilə əməkdaşlıqların genişləndirilməsi və “Tədqiqatçı” statusunun tətbiqi elmi mühiti daha da canlandırıb. Bu yanaşmalar tədqiqatçıları həm motivasiya edir, həm də onları qlobal elmi standartlara uyğun çalışmağa təşviq edir.

Atılan addımların real nəticəsi kimi deyə bilərəm ki, UNEC elmi fəaliyyəti yalnız daxili akademik çərçivədə saxlamır, onu beynəlxalq elmi sistemin bir hissəsinə çevirir. Nəticədə həm beynəlxalq əlaqələr genişlənir, həm də ortaya qoyulan elmi məhsulun keyfiyyəti və təsir gücü əhəmiyyətli dərəcədə artır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay