UNEC Rus iqtisad məktəbində İsrailin Azrieli Akademik Mühəndislik Kollecinin professorları tərəfindən ustad-dərslər keçirilib.
İlk dərs kollecin professoru Pini Davidov tərəfindən “Davranış iqtisadiyyatı kontekstində maddi stimullaşdırma” mövzusunda olub.
Çıxışdan öncə Rus iqtisad məktəbinin direktoru, Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov keçiriləcək ustad-dərslərin mövzularının aktuallığını vurğulayaraq, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra professor Pini Davidov davranış iqtisadiyyatı kontekstində iqtisadi və maliyyə təhlilində emosional, sosial və koqnitiv amillərə nəzər salaraq, onların iqtisadi qərarların qəbuluna təsirini amillərini açıqlayıb. Məruzəçi əmək fəaliyyətinin nəticələrinin tanınmasının motivasiyaya təsirindən, əməyə maddi və qeyri-maddi həvəsləndirmələrin birləşməsi, koqnitiv və texniki tapşırıqlardan da söz açıb. Qeyd olunan amillərin təsir dərəcəsinə əsaslanan israilli professor, onların əməyin həvəsləndirilməsi sahəsində tədqiqatların nəticələrində əks olunduğunu təqdimatda nümayiş etdirib.
İsrailin Azrieli Akademik Mühəndislik Kolecinin professoru Dr. Gabi Pinto isə “Dörd təkmilləşdirmə mərhələsinin yerinə yetirilməsi üç öyrənmə mərhələsi ilə” mövzusu ilə çıxış edib. Tədqiqat sahəsi planlaşdırma və əməliyyat tədqiqatı ilə bağlı olan israilli professor sadə addımlarla problemin həlli metodunu açıqlayıb. Məruzəçi metodun dörd ardıcıl addımından - simptomun müəyyən edilməsi; problemin səbəbinin təhlili; həll yolu seçmək; qərarı həyata keçirməkdən bəhs edib. O, məsələnin həllini uğurla həyata keçirmək üçün “problem”, “effektivlik” və “səmərəlilik” kimi anlayışlara da aydınlıq gətirib.
Digər professor Dr. Guy Kashi isə “Komanda işi - qrupun inkişafı mərhələsi” mövzusunu təhlil edib. Professor bio-idarəetmə, komanda işi və münaqişələrin idarə edilməsindən bəhs edərək, təqdimatında komanda işinin inkişaf mərhələlərinə nəzər salıb.
Dr.Pini Davidovun keçdiyi növbəti təlim “Planlaşdırma səhvləri və davranış iqtisadiyyatı” mövzusunda olub. Məruzəçi təşkilat daxilində tapşırıqların yerinə yetirilməsindən, fəaliyyətlərin proqnozu və tələb olunan resurslar əsasında planlaşdırma ilə bağlılığından söz açıb. Sonra qeyd olunan istiqamət üzrə aparılan tədqiqatın nəticələri ilə iştirakçıları tanış edib. Tədqiqatın nəticələrinin həm akademik, həm də qeyri-akademik tapşırıqlarda həddindən artıq optimist proqnozlar verib-vermədiyini müəyyən etmək üçün aparılan təcrübələrə əsaslandırılmasını diqqətə çatdırıb.
Professor-müəllim heyəti və tələbələr tərəfindən böyük maraqla qarşılanan ustad dərslərdə məruzə ətrafında diskussiya aparılıb, suallar cavablandırılıb.