Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Malayziyanın müxtəlif nüfuzlu universitetlərindən olan Malayziya Putra Universiteti, SEGi Universiteti, Sunway Universiteti və Taylor’s Universitetinin nümayəndə heyəti qonaq olub.
Səfərin əsas məqsədi beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və UNEC-in beynəlxalq aləmdə tanıdılması istiqamətində yeni imkanların araşdırılması idi.
Malayziyalı qonaqlar öncə UNEC nümayəndələri ilə görüş keçiriblər. Görüş zamanı təhsil proqramlarının uyğunlaşdırılması, tələbə və müəllim mübadiləsi, birgə layihə və tədqiqatların təşkili kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub. Qonaqlar UNEC-in beynəlxalq təhsil mühiti, rəqəmsallaşma istiqamətindəki addımları və qlobal tərəfdaşlıqlarla bağlı nailiyyətləri barədə məlumatlandırılıblar.
Səfər zamanı nümayəndələr UNEC-in Bloomberg Laboratoriyası, Karyera Mərkəzi, Extern Mərkəzi və 7/24 fəaliyyət göstərən Kitabxana və İmtahan Otağı kimi əsas tədris və tədqiqat infrastrukturları ilə tanış olublar.
Səfərin növbəti mərhələsində nümayəndə heyəti UNEC-in 3 saylı tədris binasında yaradılmış tədris və tədqiqat imkanları ilə yaxından tanış olub. Onlara laboratoriyalar, innovativ tədris otaqları və tələbələr üçün yaradılmış müasir təhsil mühiti barədə məlumat verilib.
Malayziyanın ali təhsil nümayəndələri UNEC-dəki yüksək infrastruktur, müasir tədris mühiti və universitetin beynəlxalq əməkdaşlığa verdiyi böyük önəmi yüksək qiymətləndiriblər.