A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə UNEC kollektivi ilə yanaşı, şəhid ailələri, qazilər, əsgərlər, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin üzvləri, xalq artisti Nurəddin Mehdixanlı və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önünə gül dəstələri düzüblər.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin aparıcısı, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı sentyabrın 27-də başlayan və noyabrın 8-də parlaq qələbə ilə nəticələnən Azərbaycanın haqq-ədalət savaşından söz açıb. Azərbaycan xalqının müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdiyini diqqətə çatdırıb.

UNEC-in rektoru, professor Ədalət Muradov Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək, parlaq qələbəni şanlı tariximizin qızıl səhifəsi adlandırıb. Əbədi torpaqlarımızın geri qaytarılması uğrunda canlarını qurban verən şəhidlərin yalnız Azərbaycan xalqının deyil, bütün Türk Dünyasının əbədi qəhrəmanları olduğunu deyib. Rektor müzəffər qələbənin təməlində ulu öndər Heydər Əliyev strategiyasının, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsinin, müstəqil və düşünülmüş siyasətinin, dövlət-xalq-ordu birliyinin dayandığını bildirib.

Bu gün Azərbaycanda yeni mərhələnin başlandığını vurğulayan Ədalət Muradov, işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi istiqamətində sürətli quruculuq və bərpa işlərinin aparıldığını diqqətə çatdırıb.

Sonra UNEC-in tələbəsi, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, Xüsusi Təyinatlı  Qüvvələrin kapitanı, Qarabağ ordenli Şamxal Ağayev çıxış edərək, Vətən müharibəsində keçdikləri döyüş yolundan danışıblar. Azərbaycanın igid oğullarının Vətən müharibəsində göstərdikləri şücaəti, qəhrəmanlığı Vətənə olan sonsuz sevginin ifadəsi kimi dəyərləndiriblər.

Zəfər Bayramına həsr olunan tədbir əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadənin bədii rəhbərliyi ilə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin vətənpərvərliyə həsr olunmuş konsert proqramı ilə davam edib.

Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin Zəfər Gününə həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

 

TOP XƏBƏRLƏR