A

Finans.az

Makroiqtisadi nəzəriyyə məcmu tələbin həcmini artırmaqla qısamüddətli dövrdə ölkədə iqtisadi artıma nail oluna biləcəyini, uzunmüddətli dövrdə isə iqtisadi artımla yanaşı iqtisadi inkişafı təhsil və elm sahəsinə ayrılan investisiyaların müəyyənləşdirəcəyini iddia edir. Bu baxımdan, ölkədə iqtisadi artımın dayanıqlılığının təmin edilməsində elm və təhsilə ayrılan xərclər böyük əhəmiyyət kəsb edir.

"Finans.az" xəbər verir ki, bu fikirlər iqtisad üzrə fəlsəfə doktoru və təhsilin təşkili üzrə eksperti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayevin şəxsi bloqunda paylaşdığı "İqtisadi inkişaf elmi tədqiqatlara ayrılan vəsaitə bağlıdır" yazısındandır. Yazının tam mətnini diqqətinizə çatdırırıq:

Müasir dövrdə elmi tədqiqatların və işləmələrin (research and development) maliyyələşdirilməsi dövlətin birbaşa və dolayı olaraq ayırdığı maliyyə vəsaiti ilə yanaşı, iş dünyası və digər qurumların, yəni qeyri-hökumət təşkilatları, müxtəlif fondların ayırdığı maliyyə hesabına həyata keçirilir. İnkişaf etmiş ölkələr nümunəsini nəzərdən keçirsək, bu sahəyə ayrılan xərclərin kifayət qədər yüksək olduğunu müşahidə edirik. G-20 ölkələrində orta rəqəmlə ÜDM-in 2.04%-i elmə yönəldilir. Dövlətin ayırdığı maliyyə ilə yanaşı, iş dünyası və digər qurumlar da sahəyə xeyli vəsait yönəldirlər. YUNESKO-nun hazırladığı hesabatdan (UNESCO, Gross Expenditure on R&D by source of funds) götürülmüş cədvəldə verilən rəqəmlər bunu bir daha təsdiq edir.

2008 qlobal böhranını nəzərə almasaq, bu ölkələr daim yüksək iqtisadi artım reallaşdırırlar. Bu isə məhz həmin ölkələrdə elmi tədqiqatlara yüksək xərclərin ayrılması və əldə olunan nəticələrin iqtisadiyyata tətbiqi nəticəsində baş verir.

Azərbaycanda vəziyyət fərqlidir, bu sahəyə ayrılan xərclərin ümumi daxili məhsulun tərkibindəki çəkisi olduqca azdır. 2017-ci ildə tədqiqat və işləmələrə ayrılan cəmi xərclər/ÜDM 0.19% olub. Dövlətin burada payı 0.17%, iş dünyası və digər qurumların isə 0.02% olub.

Dövlətin ayırdığı vəsait böyük, iş dünyasının və digər qurumların isə bu xərclərdəki payı olduqca azdır. Aydın məsələdir ki, ölkəmizdə hər sahədə olduğu kimi dövlət bu sahənin də inkişafı üçün maliyyə ayırır və aparıcı mövqedə çıxış edir. Lakin son illərdə sürətlə inkişaf etməkdə olan özəl sektorun da bu sahəyə diqqətinin artırılmasına ehtiyac duyulur. Yüksək mənfəətlilik şəraitində texnologiyaların idxal edilməsi qısamüddətli dövrdə özəl sektor üçün rasional qərar kimi qəbul edilə bilər.

Lakin rəqabətin inkişaf etdiyi mühitdə həmin texnologiyanı ölkədəki şirkətlərin istehsal etməsi məsələsi gündəliyə gəlir. Deməli, yerli biznes və istehsalçılar həmin texnologiyanı gələcəkdə ölkədə istehsalının reallaşdırılması üçün elmi tədqiqatlara vəsait ayırmaq barədə düşünməlidirlər, bunun vaxtı artıq çatıb. Digər tərəfdən, dünyada elmi tədqiqatların aparılmasına əsasən böyük, transmilli şirkətlər maliyyə vəsaiti ayırırlar. Həmin transmilli şirkətlərin ölkəmizə cəlb edilməsi, fəaliyyət göstərməsi üçün xüsusən sənaye parklarında və azad iqtisadi zonalarda şəraitin yaradılmasına ehtiyac duyulur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR