A

"Azərbaycan" qəzeti

Azərbaycan təyyarələri xaricə Qarabağdan da uça biləcəklər

30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızı hərbi qüdrətimiz sayəsində cəmi 44 gün ərzində düşmən tapdağından təmizləyən Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş ərazilərimizə qayıdış üçün mühüm layihələrin icrasına da qısa zamanda nail olmağı bacarır.  Artıq bu torpaqlarımızda ən yeni texnologiyalar əsasında sürətlə bərpa və quruculuq işləri aparılır.

Böyük qayıdışın çox yaxın zamanlarda baş tutacağını göstərən növbəti layihə isə Füzuli Beynəlxalq Hava Limanının çox qısa zaman ərzində istifadəyə verilməsi olacaq. Hava limanının uçuş-enmə zolağında artıq ilk sınaq uçuşları həyata keçirilib, yaxın aylarda isə onun tam açılışa hazır olacağı gözlənilir. Bunu Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı deyib: “Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.

Aeroportun məqsədinin nədən ibarət olduğunu Prezident İlham Əliyev hələ yanvar ayında hava limanının təməlqoyma mərasimində çıxış edərkən açıqlamışdı:  “Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

Qeyd edək ki, ən müasir səviyyədə inşa olunan Füzuli Beynəlxalq Hava Limanında sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq. Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.

Tarixin qeyri-adi dönüşünün nəticəsidir ki, 11 ay əvvəl Füzuli hava limanının tikildiyi ərazi Azərbaycan igidlərinin döyüş meydanı olduğu halda, bu gün həmin cəsur oğullarımızın sayəsində bura yenidənqurma işlərinin aparıldığı məkana çevrilib. Lakin Füzuli hava limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Zəngilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına böyük qayıdışı üçün vacib sayılan çox mühüm strateji layihələrdir.

Qarabağın hava limanları turistlərin daha qısa yolla işğaldan azad olunan ərazilərimizə səfər etməsinə imkan verəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, Füzuli aeroportu regionda ən qısa zamanda inşa edilən beynəlxalq hava limanlarından biridir. Bu ilin əvvəlində inşasına başlanılan hava limanında artıq yaxın vaxtlarda ilk uçuşları həyata keçirmək mümkün olacaq: “Hava limanına bu ilin may ayında səfər edəndə işlərin intensivliyini müşahidə etmişdik. Bu ilin may ayında sadəcə torpaq sahələrindən ibarət olan ərazi artıq eniş-uçuş zolağına çevrilib. Cəmi 4 aya yaxın müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub.

Deputatın sözlərinə görə, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin cəlbi baxımından olduqca faydalı olacaq. Bu aeroport regionda turizmin canlanması üçün yeni imkanlar yaradacaq. Turistlər bu hava limanı vasitəsilə işğaldan azad olunan ərazilərimizə daha sərfəli və qısa yolla səfər edə biləcəklər: “Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və ümumilikdə ölkəmizə daha çox turistin gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir”.

Deputat qeyd edir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə etmək, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının daha böyük bazarlara çıxarılması baxımından Laçında da yeni aeroportun inşasına ehtiyac var idi. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanı da hərbi, strateji, iqtisadi baxımdan mühüm əhəmiyyətə malik olacaq.

V.Bayramovun qənaətinə görə, Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib. Hazırda sözügedən iqtisadi rayonun Azərbaycan iqtisadiyyatında payı cəmi 0.1 faizdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma mərhələsindən sonra Qarabağ  və Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malik olacaq. Bu, illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir. Bu isə yaxın illərdə Qarabağda 10 minlərlə yeni iş yerinin açılması deməkdir.

Düzgün marketinq qurularsa, Füzuli aeroportunun əhəmiyyəti daha artıq olar

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq istiqsadiyyat kafedrasının dosenti Emin Qəribli deyir ki, Füzulidə, Laçında və Zəngilanda aeropotların olması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun regionun mərkəzlərindən birinə çevrilə bilməsinə imkan yaradır. Şərqi Zəngəzurda aeropotun tikilməsi buranın artıq nəqliyyat habına çevrildiyini göstərir. Əgər gələcəkdə düzgün marketinq qurularsa, buradan digər ölkələrə uçuşlar daha ucuz qiymətə olarsa, Füzuli aeropotunun dövriyyəsi və əhəmiyyəti daha artıq olar.

E.Qəribli hesab edir ki, azad edilmiş ərazilərimizdə aeroportların tikilməsi xarici iş adamlarının bu bölgəyə investisiya yatırmaq imkanlarını da artırır: “Nəqliyyat kommunikasiyalarının qurulması regionun və Azərbaycanın iqtisadi inkişafına stimul verəcək bir amildir. Nəqliyyat kommunikasiyaları, eləcə də aeroportlar həmin bölgənin əhəmiyyətini artırır, onun dünya iqtisadiyyatına daha güclü inteqrasiyası üçün yeni imkanlar yaradır. İnkişaf etmiş dövlətlər - Türkiyə, Almaniya, İtaliya azad edilmiş ərazilərimizə investisiya qoymaq istəyirlər. Lakin bu da faktdır ki, kommunikasiyanın olmaması böyük investor üçün  müəyyən çətinliklər yarada bilər. Aeroportun olması o deməkdir ki, xarici investorlar artıq buraya problemsiz gələcəklər. Digər tərəfdən, azad edilmiş ərazilərin smart konsepsiya əsasında yenidən qurulması planlaşdırılır. Bunun icrası üçün isə əraziyə yeni texnologiyaların gətirilməsi lazımdır. Əgər biz azad edilmiş ərazilərimizə yeni texnologiyalar gətirmək istəyiriksə, burada nəqliyyat infrastrukturunun qurulması vacib şərtdir. Azad edilmiş ərazilərimizdə kommunikasiyanın bütün növlərinin tətbiqinə ehtiyac var. Bu istiqamətdə işlər görülür və bundan sonra da görüləcək”.

Emin Qəriblinin fikrincə, nəqliyyat qovşağında yerləşən Azərbaycan ərazisindən Avropaya məhsullar daşınır. Həmin məhsullar Zəngəzurdan təyyarə ilə daşınarsa, bu, bizim iqtisadiyyatın şaxələndirilməsinə, eyni zamanda məhsulların Avropaya daha qısa zamanda çatdırılmasına imkan verəcək.

Aeroportlar Azərbaycana  əlavə dividendlər qazandıracaq

Emin Qəribli hesab edir ki, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi gələcəkdə ölkəmizin inkişafının dayanıqlığını təmin edən amillərdən biri olacaq. Aeroportların inşası layihələri Azərbaycana yalnız əlavə dividendlər qazandıracaq: “Elə dövlətlər var ki, kifayət qədər böyük olsalar da, yetərincə maliyyə resursuna malik deyillər, buna görə də onların investisiya yatırmaq imkanları məhdud olur. Amma dövlətimiz bu baxımdan yetərincə resursa malikdir. O, topladığı maliyyə resurslarını gələcəyə istiqamətlənmiş layihələrin icrası üçün sərf edir. Bu layihələr gələcəkdə bizim iqtisadi qaynaqlarımızı təmin edəcək”.

İqtisadçı alim qeyd edir ki, beynəlxalq nəqliyyat kommunikasiya imkanları genişləndikcə ölkənin beynəlxalq iqtisadi reytinqdəki mövqeyi də yaxşılaşır. Bu baxımdan aeroportların tikilməsinin xüsusi əhəmiyyəti var: “Azərbaycanda qısa zaman ərzində həyata keçirilən beynəlxalq nəqliyyat layihələrini beynəlxalq qurumlar da yüksək qiymətləndirirlər. Həmin layihələrin icrası Azərbaycanın beynəlxalq reytinqdəki mövqeyini daha da irəli aparacaq. Bu da Azərbaycana investisiya axınını artıracaq və iqtisadi inkişaf üçün geniş zəmin yaradacaq”.

Emin Qəribli aeroportların inşasını turizmin inkişafı baxımından da olduqca yüksək dəyərləndirir. Onun sözlərinə görə, aeroportlar  sağlamlıq turizm imkanlarına sahib olan Qarabağa müalicə məqsədilə üz tutan turistlərin sayının artmasına, bu isə öz növbəsində ölkəyə əlavə valyutanın daxil olmasına imkan verər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə gercəkləşən bütün layihələr indiyədək çox uğurla həyata keçirildiyi üçün kommunikasiyaların qurulması layihələrinin də ölkəmiz, o cümlədən region üçün xeyirli olacağını əminliklə söyləyə bilərik. Bu gün yeni aeroportlar azad edilmiş torpaqlarımızda reallaşan ilk əhəmiyyətli layihələrdən biri olsa da, onlar həmin ərazilərimizi dirçəldəcək yeganə layihələr olmayacaq. Erməni vandalizminin ən acı üzünü görən torpaqlarımız onlara verdiyimiz yeni nəfəs sayəsində yenidən doğulacaqlar. Güclü iqtisadiyyata malik olan Azərbaycan yeni-yeni inkişaf layihələri gercəkləşdirməklə bu bölgəni regionun inkişaf etmiş ən mühüm mərkəzlərindən birinə çevirəcək. Ərazilərdə aparılan yenidənqurma işlərinin sürəti və miqyası da onu deməyə imkan verir ki, həmin vaxt çox da gec olmayacaq.  İşğal altında olan torpaqlarımızda apardığı döyüş əməliyyatları ilə dünya hərb tarixini yeniləyən Azərbaycan qısa müddətə yenidənqurma işlərinə görə də dünya ölkələri üçün istinad mənbəyi olacaq.

İlhamə İSABALAYEVA,
“Azərbaycan”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay