"525-ci qəzet"

Xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Qarabağda UNEC-in filialının yaradılmasını təklif edir. Rektor bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təkcə Azərbaycan tarixində deyil, bütün Türk Dünyası tarixində böyük Zəfərə imza atıldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ 30 illik Ermənistan işğalından azad edildi. Biz UNEC olaraq, işğaldan azad olunmuş ərazilərin cənnətə çevrilməsinin reallaşdırlmasına və Qarabağın bərpasına töhfə vermək məqsədilə Qarabağda UNEC-in filialının açılmasını təklif edirik: "Hazırda UNEC-in Zaqatalada, eyni zamanda Rusiya Federasiyasının Dərbənd şəhərində filialları fəaliyyət göstərir. Filialların yaradılması və idarəedilməsi ilə bağlı UNEC-in zəngin təcrübəsi və uğurlu təhsil modeli var. Bu təcrübəni nəzərə alaraq, UNEC Qarabağda filialının yaradılması istiqamətində zəruri tədbirləri həyata keçirməyə hazırdır".

Ədalət Muradovun təklifi ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Bildirilib ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İqtisad Universitetinin filialının yaradılması ilə bağlı irəli sürülən təklif təqdirəlayiqdir.

Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. Xaricdə filialı olan, Azərbaycanda 4 dildə təhsil verən UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. UNEC maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. Yarandığı gündən ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə iqtisadçı kadrların hazırlanması, onların ixtisaslarının artırılması missiyasını öz üzərinə götürən, həm də bu işi şərəflə yerinə yetirən UNEC-in ölkəmiz üçün insan kapitalının inkişafına öz töhfələrini artırmaq üçün məkanını genişləndirməsi, Qarabağda yeni filialın yaradılması təklifinin real olması mühüm hadisə olar.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, Qarabağda UNEC-in müasir infrastruktura, standartlara cavab verən və zəngin maddi texniki bazaya malik filialının açılması əlamətdar bir hadisə olar: "İşğaldan azad olunan ərazilərdə ali təhsil müəssisələrinin açılması zəruridir. Bu təhsil müəssisələri regionda ixtisaslı, savadlı kadrların sayının daha da çox olmasına, gələcəkdə həmin ərazilərdə bütün sahələr üzrə mütəxəssislərin yetişməsinə zəmin yaradacaq. Fikrimcə, azad olunan yerlərdə məskunlaşan insanların Bakıda yox, yaşadıqları bölgələrdə ali təhsil alması məsələsinə mütləq baxılmalıdır. Məhz bu baxımdan bu ərazilərdə Azərbaycan Dövlət İqtisad Universitetinin və digər ali təhsil müəssisələrinin filialının açılması yaxşı olar. Bu filialda ən son texnologiya ilə təchiz olunmuş laboratoriya, idman zalı, kitabxana təşkil edilməlidir. Təlim-tədris prosesini yüksək səviyyədə aparmaq üçün bütün standartlara cavab verən auditoriyaların olması isə vacib şərtlərdəndir".

Şahlar Əsgərov qeyd edib ki, UNEC sürətli islahatlar aparılan və inkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin edən əsas mənbədir: "Son zamanlar müəllim və tələbələrdə öyrətmək və oxumaq həvəslərinin yeni metodlarla müşayiət olunması, universitetin reytinqinin hər il artması ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov UNEC-in rektoru Ədalət Muradovun Qarabağda universitetin filialını yaratmaq təklifini çox vacib hesab edir: "Qarabağda ali məktəb və filialların yaradılması vacibdir və bu, olacaqdır. UNEC ölkənin aparıcı universitetidir. Bu baxımdan Qarabağda UNEC filialının olması yerinə düşər. Gələcəkdə Xankəndidə də, Ağdamda da müxtəlif ali təhsil müəssisələri və filialların yaradılması zəruridir".

Sahib Məmmədov bildirib ki, UNEC-də tədris olunan ixtisaslar üzrə kadrların haqırlanması sözügedən ərazilər üçün çox vacibdir: "Sürətlə dəyişən dünya reallıqlarında təhsilalanların gələcək əmək bazarında hələ mövcud olmayan bir sıra peşələrə hazır olmaları onlarda xüsusi səriştə və bacarıqların da olmasını tələb edir. UNEC-in əmək bazarının tələblərinə uyğun çevik strategiyası artıq bir neçə illərdir bu sahədə çox ciddi keyfiyyət dəyişikliklərinə gətirib. Məsələ ondadır ki, UNEC məzunu hazırda əmək bazarına hazırlıqlı, səriştəli, bacarıqlı gedir. Bu səbəbdən də Ağdamda da UNEC filialının yaradılması zəruridir".

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Qarabağda UNEC-filialının yaradılması təklifinə qatılır və dəstəkləyir: "Ağdamda UNEC filialının yaradılması çox yaxşı fikirdir. Bu, Qarabağ rayonlarının inkişafına təkan verər. Fikrimcə, Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində bölgədəki təhsil sisteminin inkişafı həlledici rol oynamalıdır. Bölgədə təhsilin inkişafı, tələb olunan sahələrə uyğun peşəkar kadrların yetişdirilməsi üçün lazımi addımlar atılmalıdır".

Təhsil üzrə ekspert Elçin Əfəndi Qarabağda universitetlərin və UNEC filialının yaradılmasının əhəmiyyətinə toxunaraq deyib ki, bu layihə bölgənin daha sürətlə inkişafına təkan verəcək: "Qarabağda elə bir ali məktəb və filiallar yaradılmalıdır ki, beynəlxalq arenada rəqabətə davamlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırılmalı, universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalıdır. Eyni zamanda, rəqabətqabiliyyətli ixtisasların açılması təmin edilməlidir. Məsələn, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kosmik texnologiyalar mühəndisliyi, uçuş aparatlarının hazırlanması mühəndisliyi, silah hazırlığı mühəndisliyi, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, informatika müəllimliyi, mühasibat, maliyyə, dövlət və bələdiyyə idarəetməsi, menecment, biznesin idarəolunması, coğrafiya müəllimliyi, beynəlxalq münasibətlər, beynəlxalq jurnalistika, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tarix, tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ingilis dili və ədəbiyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, tərcümə, tibb, ictimai səhiyyə, beyin cərrahlığı, biotibbi texnologiya mühəndisliyi, gen mühəndisliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, musiqi nəzəriyyəsi, muğam sənəti və xanəndəlik, idman və s. ixtisaslar olmalıdır. Həmçinin peşəkar müəllimlər cəlb edilməli, əsasən Türkiyə və Avropa ölkələrində təhsil almış yüksəkixtisaslı kadrlara - vətəndaşlarımıza üstünlük verilməlidir. Başqa xarici ölkələrin yüksəkixtisaslı kadrları da təhsilverən qismində prosesə cəlb edilməlidir. Xarici ölkə vətəndaşlarının Ermənistan istisna olmaqla universitetə qəbulu həyata keçirilməlidir. Çünki bunun Qarabağın təbliğatını aparmaq baxımından əhəmiyyəti böyükdür. Digər tərəfdən xarici tələbələri universitetə cəlb etmək üçün ali məktəbin həm kampusunun, həm də yataqxanasının olması vacib məqamdır. Bu, həm də yerli tələbələrin rahat təhsil almaları üçün olduqca əhəmiyyətlidir. Təbii ki, sadaladığım bu detallar Qarabağda yaradılacaq universitetlərin, UNEC filialının təşkili prosesində nəzərə alınarsa, yaxın illərdə həmin təhsil müəssisələri dünya universitetləri ilə rəqabət aparacaq səviyyəyə çata bilər".

Millət vəkili Fatma Yıldırım bildirib ki, Qarabağda ali təhsil müəssisələrinin, filialların yaradılması böyük əhəmiyyət kəsb edir: "Qarabağda universitet, universitet filiallarının yaradılması çox önəmlidir. Düşünürəm ki, bu ali təhsil müəssisələrində ilk növbədə Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Bu ali təhsil müəssisələrinə, filiallara xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Yəni bu təhsil ocaqlarının beynəlxalq əlaqələri yüksək səviyyədə qurulmalıdır".

Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, UNEC-in rektoru Ədalət Muradovun təklifi qiymətli təşəbbüsdür: "Hesab edirəm ki, Xankəndidə də yeni keyfiyyətdə, müasir çağırışlara cavab verəcək ali və orta ixtisas müəssisələri yaradılsın. Bu, Azərbaycan ictimaiyyəti tərəfindən də çox böyük rəğbətlə qarşılanar. Professor Ədalət Muradovun Qarabağda UNEC filialı yaratmaq təklifinə yəqin ki, digər universitetlər də qoşulacaq. Hətta Xankəndidə Beynəlxalq universitetlər və elmi tədqiqat mərkəzləri də qurmaq olar".

Sevinc QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay