A

11 aprel 2023-cü il tarixində Laçın istiqamətində düşmən təxribatının qarşısı alınarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin 2007-ci il məzunu Vidadi Nizami oğlu Zalovun şəhadətindən bir il ötür.

Şəhid Vidadi Zalovun anım günü münasibətilə Abşeron rayonunun Saray qəsəbəsində ailə üzvləri ilə görüş keçirilib.

Daha sonra UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, fəal tələbələr şəhidin məzarını ziyartət edərək, əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. 

Vidadi Nizami oğlu Zalov 17 iyul 1985-ci il tarixində Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. 1992-2003-cü illərdə Azim Müzəffərov adına Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı tam orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə təhsil alıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci ilin sentyabr ayının 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.

Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölkə başçısı cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Zalov “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

11 aprel 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Vidadi Zalov döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Vidadi Zalovun nəşi evinə gətirilərək, 12 aprel 2023-cü il tarixində doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölkə başçısı cənab İlham Əliyevin 25 iyun 2023-cü il tarixli Sərəncamına əsasən Vidadi Zalov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay