A

UNEC-də 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları öncə UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önünə gül dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Həmçinin UNEC Dizayn Məktəbinin tələbələrinin Zəfər Gününə həsr etdikləri rəsm əsərləri ilə tanış olublar.

UNEC kollektivi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Heydər Əliyev adına Hərbi İnstitutun orkestrinin üzvləri, xalq artisti Nurəddin Mehdixanlı və digər qonaqların iştirak etdiyi tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və orkest tərəfindən Dövlət Himni ifa edilib.

Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı tədbirdə çıxış edərək, parlaq qələbə ilə nəticələnən Zəfər tarixindən söz açıb. Azərbaycan xalqının müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək, öz suverenliyini tam bərpa etdiyini bildirib.

UNEC-in rektoru, professor Ədalət Muradov Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək, bu qələbəni son 200 ildə Türk Dünyasının ən şanlı tarixi adlandırıb və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun rəşadəti sayəsində Azərbaycanın bütün dünyada qalib xalq kimi tanındığını bildirib.

Rektor işğaldan azad olunmuş ərazilərdə Ali Baş Komandan İlham Əliyevin adına şəhərin salınmasını və Qarabağın ən yüksək zirvəsində heykəlinin ucaldılmasını təklif edib.

Vətən uğrunda şəhid olan UNEC-in 48 tələbə və məzununun xatirəsinin hər zaman əziz tutulacağını və unudulmayacağını deyən Ədalət Muradov, həmin şəhidlərin məzarlarından bir parça torpağın gətirilərək, UNEC muzeyində saxlanılacağını bildirib.

Sonra UNEC-in məzunu olmuş Vətən müharibəsi şəhidi Teymur Məcidzadənin anası Yasəmən Camalova çıxış edərək, şanlı zəfərin qazanılmasında övladının da payının olmasından qürur duyduğunu ifadə edib. Hər il böyük fəxarət hissi ilə qeyd olunan Zəfər Günündə onun övladı ilə yanaşı, bütün şəhidlərin ruhunun şad olduğu deyib.

UNEC-in tələbəsi, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev isə zəfərə aparan yolun Vətənə olan sonsuz sevgidən qaynaqlandığını bildirib.

Zəfər Bayramına həsr olunan tədbirdə Heydər Əliyev adına Hərbi İnstitutun orkestrinin rəisi polkovnik-leytenant Fariz Məmmədzadənin bədii rəhbərliyi ilə  vətənpərvərliyə həsr olunmuş konsert proqramı təqdim edilib. UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin şəhidlərə həsr etdikləri qısa səhnəcik isə iştirakçılara duyğusal anlar yaşadıb.

Zəfər Günü münasibətilə UNEC-in bütün tədris binalarındakı monitorlarda şəhidlərə və Zəfər tariximizə həsr olunan videoçarxlar da nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay