A

"Respublika" qəzeti

Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində atılan ən önəmli addımlardan biridir.

 Bir zamanlar Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərən və ərazilərimizin işğalı zamanı fəaliyyətini dayandıran bu ali təhsil ocağının şanlı Zəfər tariximizdən sonra Qarabağda ilk universitet olaraq yenidən qurulması mühüm sosial-siyasi əhəmiyyət daşımaqla yanaşı, tarixi ədalətin bərqərar olunması baxımından da böyük mənəvi dəyər kəsb edir.

Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışın sürətlənməsində də əhəmiyyətli rol oynayacaq.

Tarixi torpaqlarımız olan Qarabağda elmə və təhsilə hər zaman xüsusi qayğı göstərilmiş, bu sahə daim diqqətdə saxlanılmışdır. Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə yenidən qurulan Qarabağ Universiteti Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə elmin və təhsilin inkişafına verdikləri dəyərin, diqqət və qayğının daha bir bariz nümunəsidir.

Bu dəyər Prezident İlham Əliyevin "Qarabağı cənnətə çevirəcəyik" amalının gerçəkləşməsinə birbaşa xidmət edən amillərdəndir. Məhz yüksək elm və təhsil güclü dövlətin uğurlu, dayanıqlı və sürətli inkişafının əsas qayəsidir. Elmsiz, təhsilsiz cənnət yaratmaq mümkün deyil və bu baxımdan Qarabağın cənnətə çevrilməsində, işğaldan azad edilmiş ərazilərimizin bərpasında təhsilin inkişafı ölkə başçısı tərəfindən prioritet olaraq müəyyənləşdirilib. Hazırda Şərqi Zəngəzur və Qarabağda təhsil layihələri ilə bağlı hazırlanmış genişmiqyaslı fəaliyyət planı yüksək templə həyata keçirilir.

Qarabağ Universitetinin yaradılması prosesində regionun coğrafi mövqeyi, sosial-iqtisadi ehtiyacları, regional xüsusiyyətləri şübhəsiz ki, nəzərə alınacaq. Qarabağ Universitetinin dünya miqyasında qəbul edilən, tanınan ali təhsil müəssisəsi olması çox önəmlidir. Ona görə ki, dünya təhsil məkanında Qarabağ adı Azərbaycan adına əbədi olaraq möhürlənmiş olacaq.

Qarabağ Universiteti XXI əsrin universiteti olmaqla yanaşı, həm də güclü və modern universitet brendi olacaqdır. Düşünürəm ki, bu universitetin yaradılmasında fərdi təhsil trayektoriyası əsasında təhsil verən, öyrənməyi əsas tutan, XXI əsrin vərdiş, bacarıq və kompetensiyalarının formalaşmasına zəmanət verən, zəngin kitabxana fonduna malik olan, tədqiqata əsaslanan, eləcə də distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran rəqəmsal universitet modeli əsas götürülə bilər.

Qloballaşma dövründə universitetlərin formalaşması və transformasiyası bir çox cəhətdən qlobal trend və çağırışlar nəzərə alınmaqla baş verir. Biliklərin, eləcə də texnoloji proseslərin sürətlə dəyişdiyi dünyada universitetlər rəqabətə davamlılığı və dayanıqlılığı təmin etmək məqsədilə bu dəyişikliklərə çevik reaksiya vermək məcburiyyətindədirlər. Yeni qurulan universitetlərdə bu mühiti yaratmaq daha asandır.

Ümid edirəm ki, Qarabağ Universiteti dördüncü sənaye inqilabının tələbləri nəzərə alınaraq qurulacaq və bu ali təhsil müəssisəsində Azərbaycanın rəqəmsal transformasiyasını təmin edə biləcək insan kapitalı formalaşdırılacaq. Bunu nəzərə alaraq Qarabağ Universitetində ali təhsilin yenidən qurulması deyil, yeni ali təhsilin qurulması daha məqsədəuyğun görünür.

Əminəm ki, Qarabağ Universiteti təkcə Qarabağın, Azərbaycanın deyil, dünyanın aparıcı elm və təhsil mərkəzi, ali təhsil brendi olacaq.

Ədalət MURADOV, professor,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay