A

UNEC-in Dərbənd filialında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Mahaçqala və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında təşkil olunan tədbirdə şəhər məclisinin deputatları, yerli administrasiyanın əməkdaşları, təhsil müəssisələrinin, ictimai təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru Kurban Kurbanov açıb. Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən direktor Azərbaycan dövlətinin Rusiyanın etibarlı iqtisadi və siyasi tərəfdaşı olduğunu nəzərə çatdırıb. Dağıstanla Azərbaycanı mehriban qonşuluq, dostluq əlaqələri və çoxəsrlik ənənələrin bağladığı, xalqlarımızın bu dəyərləri qoruyub saxlamağa, inkişaf etdirməyə və artırmağa ehtiyacı olduğu vurğulanıb.

Tədbirdə çıxış edən Dağıstan Respublikasının milli siyasət və dini məsələlər üzrə nazirinin müavini Arsen Mahmudov, Dərbənd şəhər merinin müavini Vidadi Zeynalov, Dərbənd Administrasiyasının mədəniyyət, gənclər siyasəti və idman idarəsinin müdiri Samilya Nəcəfova, Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri, Dağıstan Respublikasının başçısı yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Rakif Əzizov, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli və başqaları soydaşlarımızı bayram münasibətilə təbrik ediblər. Azərbaycanlıların respublikanın ictimai-siyasi və humanitar sahələrində fəal iştirakı, millətlərarası müxtəlifliyə verdikləri töhfələr yüksək qiymətləndirilib. Nəzərə çatdırılıb ki, yeni ildə Dağıstanda dünya azərbaycanlılarının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin təntənəli və geniş şəkildə qeyd edilməsi planlaşdırılır.

Sonra Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti adından yerli dövlət orqanlarının nümayəndələrinə və diaspor fəallarına Azərbaycan mədəniyyətinin və xalqlar dostluğunun inkişafına verdikləri töhfələrə görə təşəkkürnamələr təqdim olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Dram Teatrının artistləri, “Xəzər” Dövlət Rəqs Ansamblının solistləri və Dağıstanın populyar müğənniləri çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay