A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ilk xanım professoru, əməkdar müəllim, “Tərəqqi” medalı və “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüş, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru Maarifə Hacıyevanın 85 illik yubileyi münasibətilə UNEC-də yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə UNEC-in kollektivi ilə yanaşı, yubilyarın ailə üzvləri, ziyalılar, alimi yaxından tanıyan dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov Maarifə Hacıyevanı təbrik edərək, alimin yüksək insani keyfiyyətlərindən, həmçinin UNEC-in inkişafına qazandırdığı töhfələrdən söz açıb.

Sonra “Azərbaycan dili” kafedrasının müdiri prof. Tofiq Əbdülhəsənli Maarifə Hacıyevanın elmi-pedaqoji fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Alimin 30 kitabın, 250-dən artıq elmi-metodiki məqalənin müəllifi olduğunu, onlarla gəncə elmi rəhbərlik etdiyini bildirib.

Yaradıcılıq gecəsi Milli Məclisin deputatları akademik Ziyad Səmədzadənin, akademik Nizami Cəfərovun, Arzu Nağıyevin, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri professor Seyfəddin Rzasoyun, Azərbaycanın xalq artisti Niyaməddin Musayevin, şair Oqtay Zəngilanlının yubilyar haqqında xoş xatirələri və ürək sözləri ilə davam edib.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Ramin Sadıqovun, Nərmin Vəlizadənin və xanəndə Elxan İsgəndərovun musiqi ifaları iştirakçılara xoş anlar yaşadıb. Mərkəzin üzvləri Hüseyn Şükürov, Rəvan Əliyev, Əliyar Musayev, Əfsanə Məmmədova,  Turan Mirzəyev isə xalq şairləri Hüseyn Arifin, Nəriman Həsənzadənin, Zivər Ağayevanın, eləcə də tanınmış şairlər Əflatun Cəfərlinin, Ramiz Heydərin dəyərli alim Maarifə Hacıyevaya həsr etdikləri şeirləri səsləndiriblər.

Sonda yubilyar, professor Maarifə Hacıyeva onun ünvanına söylənilən xoş sözlərə və diqqətə görə çıxış edənlərə təşəkkürünü bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay