UNEC-in Türk Dünyası İqtisad fakültəsi və “BZT Turan Akademi”nin koordinatorluğu ilə “Beynəlxalq Türk Dünyası Sosial, Bəşəri, İnzibati və Təhsil Elmləri Konfransı" keçirilib.
Konfransın sədri, Türk Dünyası İqtisad fakültəsinin dekanı Prof.Dr. Mehmet Yüce açılışda çıxış edərək, konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, Türk Dünyası və mühüm düşüncə liderlərini bir araya gətirən konfrans gələcək üçün strateji addımların müzakirə edildiyi platforma rolunu oynayacaq. Mehmet Yüce Türk Dünyasının iqtisadi dinamikası, iqtisadi inkişaf perspektivləri və bu sahədə gələcək strategiyaları barədə də məlumat verib.
Sonra Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazgan Türk dünyası anlayışında təhsilin rolunun əhəmiyyətindən, Milli Məclisin deputatı prof. Jalə Əliyeva Türk dünyasının mədəni irsindən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova isə Türkiyə dövlətlərinin əməkdaşlığı və gələcək strategiyalarından, Aydın Adnan Menderes Universitetinin prorektoru Prof. Dr. Cemal İyem və AAM Direktoru Dr. Ayten Can Türk dünyasının idarəçilik, humanitar və sosial sahələrdə əlaqələrindən danışıblar.
Sonda konfransda çıxış edənlərə plaketlər təqdim olunub.