Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) koordinatoru olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ layihəsi ilə bağlı görüş keçirilib.
Görüşdə MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər. MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin koordinatırı Samirə Əhmədova layihə barədə ümumi məlumat verərək, bildirib ki, layihə tədris metodologiyalarını, proqramlarını təkmilləşdirmək, tərəfdaş ali təhsil müəssisələrində pilot kurslara başlamaq üçün təlimçilərin proqramına müəllim heyətini cəlb etməklə universitetlərdə kadr potensialını artırmağa xidmət edir.
O, ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədinin bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaq olduğunu deyib. Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir. S.Əhmədova universitetlərin bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb.