A

UNEC-im Rus İqtisad Məktəbində (RİM) “İnkişaf dinamizmi: yeni ideyalar ətrafında mülahizələr” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə universitetimizi Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov, direktor müavini Anar Eyyubov, Türk Dünyası İqtisad Fakültəsinin dekanı, prof.Dr. Mehmet Yüce, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Elçin Eyvazov və dosent Pərviz Səmədov, Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev təmsil ediblər. Qonaq qismində isə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar birliyinin üzvü, hərbi jurnalist Şəmistan Nəzirli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Xəqani Məmmədov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti tarixçi Vaqif Hacıyev, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar birliyinin üzvü, şair-publisist, prezident təqaüdçüsü Tapdıq Əlibəyli, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-jurnalist Hikmət Əliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİM-in direktoru dosent Mənsur Bərxudarov hörmətli ziyalılarımızla görüşün məqsədinin bu ilin əvvəlində ölkə başçısı, prezident İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibədə cəmiyyətə verdiyi mesajların müzakirəsi, onun ziyalılar qarşısında qoyduğu məsələlərin müzakirəsi olduğunu bildirib. Prezident İlham Əliyev cənabları müsahibəsində uzun illər Azərbaycan xalqını bir yumruq kimi birləşdirən bir müqəddəs missiyanın – işğal olunmuş ərazilərimizin azad olunmasına nail olunduğunu, orada genişmiqyaslı bərpa işlərinin aparıldığını vurğuladı və bu prizmadan yeni şərtlərdə geosiyasi sarsıntılar yaşayan dünyada Azərbaycanın hansı yolu seçəcəyini, hansı ideyaları, amalları rəhbər tutaraq addımlayacağını ümdə bir məsələ kimi qabardaraq, bu işdə Azərbaycan alimlərini, ziyalılarını aktiv olmağa səsləyib. Tədbirin təşkilatçısı bu mövzu ətrafında ziyalılarımızı fikirlərini sərbəst şəkildə ifadə etməyə dəvət edib.

Professor Fuad Məmmədov bu aktual məsələ ilə bağlı belə bir görüşün təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib. XXI əsrdə Azərbaycanın sürətlə dəyişən, hazırkı xaoslu dünyada özünü qorumaq, inkişaf etməsi üçün cəmiyyətdə, idarəetmədə kulturoloji təhlilin vacibliyini vurğulayıb. Digər sahələrlə bahəm, xüsusən elm və təhsili də özündə ehtiva edən mədəniyyət konsepsiyasını hazırladığını və müvafiq qurumlara təqdim edən F.Məmmədov Simurq quşunun timsalında intellektual mədəniyyətlə və milli-mənəvi dəyərlər kimi qoşa qanadlarsız cəmiyyətin kəskin rəqabətqabiliyyətli müasir dünyada məğlubolma təhlükəsindən danışıb.

Professorun təhsilin roluna dair fikirlərinə dəstək olaraq, Şəmistan Nəzirli ulu öndər Heydər Əliyevin Azərbaycanda hərbi təhsilin inkişafı üçün mübarizəsindən bəhs edib. Onilliklər əvvəl başladılan bu işin mahiyyətini o vaxt dərk etməyənlər, son Qarabağ müharibəsindəki parlaq Zəfərimizdən sonra Ümummilli liderin uzaqgörənliyinə bir daha heyran olduqlarını bildirib.

Şair-jurnalist Tapdıq Əlibəyli, tədqiqatçı-jurnalist Hikmət Əliyev, beynəlxalq münasibətlər üzrə mütəxəssis olaraq çıxış edən Pərviz Səmədov türkçülük, Turan dünyası ideyası üzərində dayanaraq, bu dünyanın yolunun bu və ya digər formada Zəngəzurdan, Qərbi Azərbaycandan keçdiyini ön plana çəkiblər. Hərbi meydanda tam məğlub olan erməni radikal millətçiliyi və onun havadarları ilə informasiya mübarizəsində gənclərin milli-vətənpərvər ruhda tərbiyə edilməsinin əhəmiyyətindən bəhs ediblər.

Türk Dünyası İqtisad Fakültəsinin dekanı, professor Mehmet Yüce Azərbaycanın bir çox parametrlər üzrə türk dünyasının flaqmanı olduğunu, lakin bunun dayanıqlığı və inkişaf dinamizmliyini təmin etmək üçün bir neçə istiqamətlər üzrə konkret təkliflərlə çıxış edib: iqtisadi sahədə, yerliözünüidarəetmədə, hüquq müstəvisində açar məqamları qeyd edib.

Maraqlı müzakirənin yekunu olaraq Mənsur Bərxudarov yerli xüsusiyyətləri nəzərə alaraq, Azərbaycanın gələcək üfüqlərini bəlli edən ideya olaraq, Yaponiyanın modelindən faydalanmağın zəruriyyətindən bəhs edib: yəni texnoloji, intellektual cəmiyyətin formalaşması üçün təhsil və elmə xüsusi, konseptual əsaslarla diqqət, paralel olaraq milli-mənəvi dəyərlərin bir tərəfdən türkçülük, digər tərəfdən, multikulturalizm əsasında cəmiyyətə aşılanması, “İnkişaf etmiş, tolerant Azərbaycan” olaraq dünyanın mütərəqqi dövlətləri arasında laqiqli yer tutmasını diqqətə çatdırmışdır. Bu yanaşmanın ayrı-ayrı sahələr üzrə, sistemli elementlərinin işlənməsi ilə ortaya qoyulmasının vacibliyindın danışan M.Bərxudarov bu məsələdə F.Məmmədovun irəli sürdüyü konsepsiyanı yüksək qiymətləndirib. Sonda bütün tədbir iştirakçılarına UNEC-ə gəlib, dəyərli fikirlərini bölüşdükləri üçün minnətdarlıq bildirilib, bu istiqamətdə görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb.

 

TOP XƏBƏRLƏR