Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) Naxçıvan MR-nın 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə fakültə dekanı Prof.Dr. Mehmet Yüce, dekan müavini Cavahirxanım Məmmədova, ixtisas rəhbəri Teymur Sərxanov, fakültə katibi Rəna Qurbanova, katibliyin əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbirdə fakültə dekanı prof.dr. Mehmet Yüce zəngin keçmişə, ənənələrə, mənəvi və mədəni dəyələrə malik olan xalqımızın keşməkeşli olduğu qədər də parlaq və şərəfli inkişaf tarixi barədə məlumat verib. M.Yüce bu yolda hər bir yurd yerimiz kimi Naxçıvanın da özünün xüsusi payının olduğunu qeyd edərək, bu diyarın Azərbaycanın siyasi sosial-iqtisadi, elmi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamasını vurğulayıb.
Sonra tədbirdə ixtisas rəhbəri Teymur Sərxanov çıxış edərək, qeyd edib ki, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixidir, əcdadlarımız min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar. Naxçıvan böyük şəxsiyyətlərin, Azərbaycan ədəbi-fəlsəfi fikrində və elmində öz xüsusi yeri olan mütəfəkkirlərin, filosofların, ustad qələm sahiblərinin vətənidir.
Naxçıvan xalqımıza Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Yusif Məmmədəliyev kimi şəxsiyyətləri bəxş edib. T.Sərxanov çıxışını Naxçıvanım Azərbaycanın müasir inkişaf və dövlətçilik epoxasının müəllifi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vətəni olmasını xüsusilə qeyd edərək, Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müasir dövlətçilik tariximizin parlaq səhifəsidir” sözləri ilə davam edib.