COP29 ili çərçivəsində Təhsil İnstitutunun təşkilatçılığı ilə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” mövzusunda açıq mühazirə və virtual kitab sərgisi təşkil olunub.
Hər iki tədbirdə ARTİ-nin dəvətli eksperti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin (KİM) 24/7 kitabxanasının müdiri Arzu Məmmədova çıxış edərək, müasir dövrümüzdə kitabxanaların təkcə kitab saxlayıcı, sənəd toplanılan məkan olmaması və hazırda akademik, elmi kitabxanaların sosial institutlar kimi çalışmasını vurğulayıb. Həmçinin, ölkə daxilində və xaricində baş verən ən mühüm hadisələrdə, siyasi, iqtisadi, mədəni, sosial, istənilər sahələrdə kitabxanasız, e-kitabxanasız keçinməyin mümkün olmamasını söyləyib. Arzu Məmmədova həmçinin UNEC Library 24/7 olaraq, “Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC” ili çərçivəsində bir sıra tədbir və layihələrə start verdiklərini də qeyd edib. Bu il çərçivəsində məişət tullantılarını təkrar emala vermək məqsədilə, tələbələrin təklifi, təşəbbüsü ilə “Gələcəyimizi qoruyaq!” şüarı altında kitabxanada istifadə edilmiş birdəfəlik su stəkanlarının davamlı olaraq toplanılması, “Həftənin kitabi” layihəsi çərçivəsində mövzunu əhatə edən fondda olan kitabların geniş işıqlandırılması, təhsil alanların düzgün qidalanması məqsədilə “Yaşıl alma” maarifləndirici layhəsi, “Yaşıl kitabxana” layihəsi çərçivəsində isə dünyanın ekoloji təmiz, xüsusi qaydalarla yaradılmış və məqsədli xidmətləri ilə seçilən kitabxanaları, “Yaşıl kitabxana hərəkatları”, eləcə də insan sağlamlığına təsir edən, ciddi fəsadlar yarada bilən nəşrlər barədə araşdırmaları cəmiyyətin diqqətinə çatdırmaq kimi işlərdən danışıb.
A.Məmmədova çıxışının sonunda UNEC Library 24/7 əməkdaşı İlqar Əliyev ilə Kitabxana-İnformasiya Mərkəzinin təşkil etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərgisini tədbir iştirakçılarına təqdim edib.