UNEC-in 95 illik yubiley tədbirləri çərçivəsində sosial sahibkarlıq üzrə ekspert Sara Rəcəblinin müəllifi olduğu “Dünyanı işıqlandır” adlı ilk kitabının təqdimatı keçirilib.
Təqdimatda UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva tədbiri açaraq, qonaqları salamlayıb və müəllifi maraqlı layihə münasibətilə təbrik edib. O qeyd edib ki, təqdimatı keçirilən kitab həm orijinal dizaynı, həm də tərtibatında istifadə olunmuş yanaşma və məzmununda verilmiş praktik nümunələrlə diqqəti cəlb edir.
Sonra UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva kitabın tədqiqat yönümlü olmasına diqqət çəkərək, nəşrin sosial sahibkarlığın öyrənilməsinə və xanım sahibkarlar tərəfindən sosial sahibkarlıq təşəbbüslərinin artmasına töhfə verəcəyinə inandığını bildirib.
Müəllif Sara Rəcəbli nəşrin ərsəyə gəlməsi və məzmunu haqqında ətraflı məlumat verərək qeyd edib ki, kitabda Azərbaycan tarixində sosial sahibkarlıq ənənələri, sosial sahibkarlığın inkişaf tarixində Azərbaycan qadınlarının rolu, milyonçuların sahibkarlıq irsi, sosial sahibkarlıqda ideyanın reallaşması addımları, Azərbaycan və xarici sosial biznes nümunələri və digər mövzular əhatə olunub. S.Rəcəbli 2019-cu ildə "Sosial Sahibkarlıq" nominasiyası üzrə Azərbaycan Respublikası Prezidenti mükafatının qalibi seçillib.
“Menarki.az” platformasının təsisçisi, sahibkar Səbinə Nəcəfova və “Project Flat” platformasının təsisçisi Yaqub Zeynal dəvətə və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Həmçinin, sahibkarlar şəxsi biznes ideyası və onun reallaşdırılması istiqamətində qarşılaşdığları çətinliklərdən bəhs edib və uğur hekayələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda “Dünyanı işıqlandır” kitabından UNEC Kitabxana-İnformasiya Mərkəzinin fonduna hədiyyə edilib.