Türk dünyasının kitabxanaçılıq sahəsində ən nüfuzlu dərgilərindən biri olan və Türk Dünyası Kitabxanaçılar Vəqfi tərəfindən nəşr edilən “Bengütaş” jurnalında UNEC Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti haqqında geniş məqalə verilib.
UNEC-in 95 illik yubileyi ərəfəsində nəşr olunan məqalədə UNEC Kitabxana-İnformasiya Mərkəzinin müasir tələblərə cavab verən innovativ rəqəmsal xidmətlərindən, 5 milyona yaxın elektron resurs bazasından, beynəlxalq əməkdaşlıqlarından, 24/7 kitabxananın fəaliyyətindən və həyata keçirdiyi layihələrdən geniş bəhs olunub.
Jurnalda qeyd olunur ki, UNEC Kitabxana-İnformasiya Mərkəzi regionda qabaqcıl təhsil ocaqları arasında öz innovativ yanaşmaları və rəqəmsal inkişaf strategiyası ilə seçilir. Məqalədə həmçinin mərkəzin gələcək hədəfləri, eləcə də süni intellekt texnologiyalarından istifadə, beynəlxalq elmi bazalara inteqrasiya barədə məlumat verilib. Tələbə və tədqiqatçılar üçün yaradılmış elektron kataloq sistemi, zəngin rəqəmsal arxiv və açıq elm platformalarına çıxış imkanları, yazının əsas mövzularındandır.