Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Universitetlərin regional inkişafda rolu” mövzusunda elmi seminar keçirilib.
Seminarın əsas məqsədi universitetlərin regionların sosial-iqtisadi inkişafındakı rolunu müzakirə etmək və bu istiqamətdə beynəlxalq təcrübələri öyrənmək olub.
Seminardan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər və Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
UNEC Zaqatala filialının direktoru dosent Raqif Qasımov filialın strateji fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə məlumat verib, ali təhsil müəssisəsinin regional inkişafda fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Seminarda Seton Hall Universitetinin professoru Ömər Gökçekuş təqdimatla çıxış edərək, universitetlərin regional inkişafda necə aktiv rol oynadığını geniş şəkildə izah edib. O, xüsusilə kənd təsərrüfatından texnoloji yeniliklərə keçid prosesini və bu transformasiyada ali təhsil müəssisələrinin töhfəsini konkret nümunələr əsasında iştirakçılarla bölüşüb.
UNEC rektorunun müşaviri dosent Elşən Bağırzadə seminarda “Viskonsin İdeyası və Regional İnkişafda Universitetin Rolu” mövzusunda təqdimatla çıxış edib. E.Bağırzadə bu yanaşmanın regionların sosial və iqtisadi inkişafına necə töhfə verəcəyini izah edib, həmçinin yanaşmanın mahiyyəti və tətbiq perspektivləri barədə ətraflı məlumat verib.
Elmi seminarda həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru dosent Vurğun Məmmədov, eləcə də Bakı Dövlət Universitetinin Qazax filialının direktoru dosent Arif Rüstəmov iştirak edərək, universitetlərarası əməkdaşlıq və birgə təşəbbüslərin regional inkişafdakı əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.