A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və “Azərbaycan dili” kafedrasının təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

Seminarı açan “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənov 2025-ci ilin avqust ayında şairin anadan olmasının 100 illiyinin tamam olması münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncamdan söz açıb. Sərəncamda Bəxtiyar Vahabzadənin çoxşaxəli fəaliyyəti və milli dəyərlərə sədaqətlə xidmət edən ədəbi irsi yüksək qiymətləndirilib. Professor T.Əbdülhəsənov vurğulayıb ki, Vahabzadənin yaradıcılığında Vətənə, ana dilinə və milli kimliyə bağlılıq əsas yer tutur, onun əsərləri milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından xüsusi önəm daşıyır.

Kafedranın professoru Maarifə Hacıyeva çıxışında Bəxtiyar Vahabzadənin həm böyük şair, dramaturq, tərcüməçi, publisist, həm də dərin ədəbiyyatşünas alim kimi fəaliyyətindən bəhs edib. O qeyd edib ki, Vahabzadənin poeziyası folklor, klassik ədəbiyyat və bəşəri düşüncə qaynaqları ilə zəngin olub, insanın qəlb dünyası və mənəvi aləmini dərindən əks etdirir.

Seminarda həmçinin kafedranın dosentləri Vəfa Allahverdiyeva, Günal Səfərli, Gülbəniz İsmayılzadə, Mətanət Əmrahova, Nailə Yusifova, baş müəllim Xurşud İsmayılova və digər müəllimlər çıxış edərək, böyük şairin ədəbi irsi, ictimai fəaliyyəti və milli düşüncəyə verdiyi töhfələr barədə fikirlərini bölüşüblər. Seminar iştirakçıları Bəxtiyar Vahabzadənin yaradıcılığına böyük ehtiramla yanaşaraq, onun əsərlərinin bu gün də aktuallığını qoruduğunu vurğulayıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay