A

UNEC Xanım Tədqiqatçılar Şurası Polşanın Silesia Akademiyası tərəfindən təşkil olunan “Rəqəmsal İqtisadiyyat və İnformasiya Cəmiyyəti (DEIS2026)” 8-ci Beynəlxalq elmi konfransda tərəfdaş qismində iştirak edib.

Konfransın plenar iclasında Polşa, Azərbaycan, Ukrayna, Slovakiya, Bolqarıstan, Almaniya və digər ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə rəqəmsal iqtisadiyyatın inkişafı, informasiya cəmiyyətinin formalaşması, süni intellekt texnologiyalarının tətbiqi və dayanıqlı inkişaf çağırışları əsas müzakirə mövzuları olub.

Açılış mərasimində qonaq məruzəçilər sırasında UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva və “Tətbiqi iqtisadiyyat” kafedrasının ixtisas rəhbəri dosent Lalə Həmidova çıxış ediblər.

Nərgiz Hacıyeva UNEC-də həyata keçirilən rəqəmsallaşma prosesləri, tədris və idarəetmədə innovativ texnologiyaların tətbiqi barədə məlumat verib. O, həmçinin Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının əsas platformalarından biri olan e-gov sisteminin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə əldə olunan nailiyyətlərin beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edib.

Lalə Həmidova isə rəqəmsal transformasiya şəraitində iqtisadi inkişaf meyilləri və beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Konfrans çərçivəsində “Tətbiqi iqtisadiyyat” kafedrasının baş müəllimi Esmira Əhmədova “Süni intellektin tətbiqinin iqtisadi artımın hərəkətverici qüvvəsi kimi rolu: Qərbi və Mərkəzi-Şərqi Avropa üzrə müqayisəli təhlil” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir zamanı rəqəmsal iqtisadiyyat, süni intellekt, inklüziv təhsil və səhiyyə idarəçiliyi kimi aktual istiqamətlər üzrə geniş müzakirələr aparılıb, eləcə də iştirakçılar arasında elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı razılaşmalar əldə olunub.

TOP XƏBƏRLƏR