Azərbaycan Respublikası Prezidentinin ölkədə “Elm günü”nün təsis edilməsi haqqında sərəncamına əsasən, UNEC-də “Elm aylığı”nın keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib.
Tədbirlər Planına uyğun olaraq, UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasında “Universitetlərdə nəticəli elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə strateji baxış” mövzusunda elmi seminar keçirilib.
Kafedranın professor-müəllim heyətinin iştirakı ilə keçirilən seminarda kafedra müdiri, professor Əvəz Ələkbərov müasir dünyada elmi fəaliyyətin əsasən elmi-tədqiqat institutları və ali təhsil müəssisələrində reallaşdırıldığına diqqət çəkərək, hazırda universitetlərin də öz fəaliyyətlərini tədris və elm üzərində qurduqlarını bildirib. Ə.Ələkbərov müasir tələblərə və çağırışlara cavab verən universitetlərin cəmiyyətin aparıcı qüvvələri hesab olunduğunu və dövrünün ictimai, siyasi, iqtisadi-təşkilati və mənəvi tərəqqisinin mənbəyi kimi çıxış etdiklərini vurğulayıb. Professor kafedralardakı elmi-tədqiqatların dərinləşdirilməsinin əhəmiyyətindən də bəhs edib. Bildirib ki, bu, ixtisas biliklərinin dərinləşdirilməsi ilə yanaşı, keyfiyyətli ixtisaslı kadrların hazırlanmasına şərait yaradacaq.
Seminarda elmin maliyyələşdirilməsi məsələlərinə də toxunulub. Bir çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da elmin maliyyələşdirilməsinin əsas mənbəyinin dövlət vəsaitləri hesabına olunduğu diqqətə çatdırılaraq, 2019-cu il üçün dövlət büdcəsinin elm üzrə proqnozlaşdırılan xərcləri açıqlanıb. Məruzədə dünyanın inkişaf etmiş ölkələrinin bu sahədə təcrübəsi də müqayisəli təhlillərlə göstərilib.