UNEC-də Elm gününə həsr olunan növbəti tədbir keçirilib.
Maliyyə və mühasibatlıq fakültəsi ilə Maliyyə və maliyyə institutları kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə fakültənin professor-müəllim heyəti ilə yanaşı, Hesablama Palatası, Dövlət Vergi Xidməti və bank nümayəndələri də iştirak ediblər.
Tədbirin açılışında kafedra müdiri, professor Əvəz Ələkbərov “Elm günləri”nin keçirilməsinin əhəmiyyətindən danışaraq, mövzunun aktuallığına diqqət çəkib. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı prioritetlərin müəyyənləşdirilməsi və ərazilərin dirçəldilməsi istiqamətində qarşıya qoyduğu hədəflərdən danışan professor, bu istiqamətdə ilkin infrastruktur layihələrin icrasının artıq başladığını vurğulayıb. O, işğal dövründə Azərbaycana dəyən zərərin hesablanması, eləcə də Qarabağın dirçəldilməsi ilə bağlı UNEC-də bir sıra tədqiqatların, elmi müzakirələrin aparıldığıni və əldə olunan nəticələrin işğaldan azad edilən ərazilərin bərpası, sosial-iqtisadi dirçəlişi istiqamətində faydalı olacağını bildirib.
Sonra UNEC-in professoru Mirələm Həsənli “Ölkə ərazilərinin işğalı dövründə Azərbaycan dövlət büdcəsində itirilən vergi daxilolmalarının substativ təhlili və empirik monitorinqi” mövzusunda çıxış edib. Məruzəçi işğal dövründə Ermənistanın Azərbaycana vurduğu maddi zərərləri və həmin ərazilər hesabına əldə etdiyi gəlirlərin miqdarını açıqlayıb.
Təqdimatdan sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar məruzəçi tərəfindən cavablandırılıb.