UNEC-də Elm festivalı çərçivəsində "Mühəndislik və tətbiqi elmlər" kafedrası tərəfindən “Yağışın əmələ gəlməsi prinsipləri və ölçülməsi üsulları” mövzusunda elmi seminar keçirilib.
Seminarda Mühəndislik və tətbiqi elmlər kafedrasının professor-müəllim heyəti iştirak edib.
Tədbirdə kafedra müdiri, professor Rövnəq Rzayev giriş sözü ilə çıxış edərək, mövzunun aktuallığından danışıb, seminarda aparılan müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Son dövrlər iqlim dəyişikliyi və qlobal istiləşmə fonunda bu istiqamətdə beynəlxalq əməkdaşlıq əlaqələrindən istifadə edərək elmi tədqiqat işlərinin aparılmasının vacibliyindən söz açıb. Qeyd edib ki, hazırda ölkəmizdə qarşıya qoyulan əsas vəzifələr sırasında ekoloji məsələlərin həlli, başlıca prioritetlərdən biri sayılır.
Sonra kafedranın müəllimi Kəmalə Mustafayeva “Yağışın əmələ gəlməsi prinsipləri və ölçülməsi üsulları” mövzusunda geniş məruzə ilə çıxış edib. Qlobal istiləşmənin nəticəsi olaraq ölkə ərazisinə düşən yağışın miqdarının əvvəlki illərə nisbətən azaldığını qeyd edərək, iqlim dəyişikliyinin yağışların azalmasına təsirinin minimuma endirilməsi yollarından danışıb. Sonda iştirakçıların sualları cavablandırılıb.
Qarşılıqlı dialoq şəklində keçirilən elmi seminar Mühəndislik fakultəsinin dekanı dosent Elçin Səmədov, kafedranın professoru Məzahir Fərzəliyev, dosent Gəray Mirzəyev, dosent Xalıq Həşimov, dosent Oqtay Məmmədov və digər əməkdaşların çıxışları ilə davam edib.