UNEC-də “Akademik bazalardan istifadə və nəşr imkanları” adlı təlim-seminar keçirilib.
Professor-müəllim heyəti, tələbə və tədqiqatçılarım iştirak etdiyi təlimdə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva Mərkəzin abunə olduğu akademik bazalar, beynəlxalq nəşrlər, elektron kitabxanada yerləşdirilən azərbaycan, türk, ingilis və rus dillərində resurslar barədə məlumat verib.
Sonra BDU-nun Elmi kitabxanasının direktoru, tar.ü.f.d., dos. Nigar İsmayılova Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) fəaliyyəti, universitetlərlə birgə görülən işlər, UNEC-in abunə olduğu bazalar və EBSCO ilə olan əməkdaşlıq barədə təqdimatla çıxış edib.
Az.KİK-in rəhbəri, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova isə EBSCO-nun universitetlər üçün yaratdığı imkanlar, ixtisaslara uyğun olaraq hazırlanmış jurnal/kitab paketləri, iqtisadiyyatla bağlı xüsusi akademik jurnallar və onlardan istifadə qaydalarından bəhs edib.
Növbəti təlimçi, ADA Universitetinin kitabxana sistemləri mühəndisi EİFL.net-in Open Access kordinatoru İltifat İbrahimov tədqiqatçılara beynəlxalq konsorsium olan EİFL.net-in fəaliyyətindən danışıb. Eyni zamanda Open Access jurnallarda məqalə nəşrinin qaydalarını, beynəlxalq bazalarda səmərəli axtarışın aparılmasını və s. iştirakçılara əyani şəkildə göstərib.