A

UNEC-də xaricdə fəaliyyət göstərən yüksək H-indeksə malik alimlər tərəfindən “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşri qaydaları” mövzusunda silsilə master-klasslara start verilib.

Tədbirdə Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova elmi tədqiqatların nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında nüfuzlu elmi jurnalların rolundan danışıb. Təqdim olunan məqalələrin beynəlxalq standartlara uyğun hazırlanmasının ən vacib məqamlardan biri olduğunu vurğulayıb.

Sonra UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, İstanbul Ticarət Universitetinin professoru Abdulla Avey ölkə elminin inkişaf yolundan, çatışmazlıqlar və nailiyyətlərdən, eləcə də ali təhsil müəssisələrinin bu istiqamətdə apardığı köklü islahatlardan söz açıb. Məruzəçi nüfuzlu elmi jurnallarda keyfiyyətli məqalələrin hazırlanması meyarlarını iştirakçılarla bölüşərək, məqalələrin beynəlxalq indeksli jurnallara təqdimetmə prosedurları, nəşr standartları, jurnallara qoyulan tələblər, məqalələrin jurnalların tematikasına uyğun seçilməsi və s. barədə məlumat verib.

Tədbirdə çıxış edən UNEC Avropa iqtisadiyyatı mərkəzinin rəhbəri, Almaniyanın Ruhr Universitetinin dosenti Dr. Elxan Sadıq-Zadə iqtisadiyyatın aktual problemlərinin həlli məqsədilə mərkəzlərin birgə tədqiqat aparmalarının vacibliyini diqqətə çatdırıb.

Sonda məruzəçi tərəfindən suallar cavablandırılıb.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbir Facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR