A

Bakı Dövlət Universitetində (BDU) Hüquq və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 90-cı ildönümünə həsr edilmiş “İqtisad elminin təşəkkülü və inkişafının iqtisadi-hüquqi aspektləri” mövzusunda virtual elmi konfrans keçirilib.

Konfrans BDU, UNEC, Azərbaycan Turizm və Menecment Universitetləri (ATMU) eləcə də digər ali təhsil ocaqlarından olan professor-müəllim heyəti, alimlər və gənc tədqiqatçıların iştirakı ilə baş tutub.

BDU-nun rektoru Elçin Babayev virtual konfransı giriş sözü ilə açaraq Azərbaycan Dövlət İqtisad Universitetinin tarixi və inkişaf yolu haqqında məruzə ilə çıxış edib. O, son illərdə ölkəmizdə aparılan elm və təhsil sahəsində islahatlardan, həyata keçirilən uğurlu tədbirlərdən söz açıb, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb.

Rektor Azərbaycanda ali təhsil sistemində iqtisadiyyat sahəsində özünəməxsus yer tutan Azərbaycan Dövlət İqtisad Universitetinin geniş profilli, yüksək peşəkarlıq qabiliyyətinə malik iqtisadçı kadrların hazırlanmasında müstəsna rol oynadığını diqqətə çatdırıb. Universitetin tarixindən bəhs edən Elçin Babayev 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İctimai elmlər fakültəsində İqtisad bölməsi açıldığını və bu bölmənin 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırladığına diqqət çəkib. Rektor 20-ci illərdəki çətinliklərə, təcrübəsizliyə, iqtisadçı mütəxəssislər hazırlamalı olan yüksəkixtisaslı elmi-pedaqoji kadrların azlığına baxmayaraq, respublikada xalq təsərrüfatının müxtəlif sahələrində işləyə biləcək geniş profilli iqtisadçıların hazırlanması işinin bünövrəsinin qoyulduğunu qeyd edib.

Sonda rektor Elçin Babayev 90 illik yubileyini qeyd edən UNEC-in bu gün ali təhsil müəssisələri arasında böyük tələbə kütləsi ilə seçildiyini, Azərbaycanda və beynəlxalq aləmdə tanınmış məzunları, elmi cəmiyyətdə tanınan kadr potensialı və əldə olunan nəticələri ilə özünəməxsus yer tutduğunu xüsusi vurğulayıb. O, yubiley münasibətilə UNEC kollektivini təbrik edib, aparılan uğurlu islahatların davamlı olmasını arzulayıb.

Sonra UNEC-in elm və innovasiyalar üzrə prorektoru Sakit Yaqubov UNEC-in tarixi, keçdiyi mürəkkəb yoldan söz açıb, iqtisad təhsilinin yaranmasında və inkişafında BDU-nun fundamental baza olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. UNEC-in müasir dövrdə əldə etdiyi uğurlardan söz açan prorektor S.Yaqubov, akademik kollektivin situmullaşdırılması, universitetin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb.

UNEC-in strateji inkişaf üzrə prorektoru Mirdaməd Sadıqov isə elmi konfransın universitet həyatında əlamətdar hadisəyə həsr olunduğunu bildirib. Prezident İlham Əliyevin BDU-nun 100 illik yubiley mərasimində çıxışına diqqət çəkən M.Sadıqov həmin çıxışın UNEC-in Strateji İnkişaf planına daxil edildiyini bildirib. O, çıxışının sonunda 19 iyun - İqtisadçılar Günü münasibətilə bütün iqtisadçıları təbrik edib.

Çıxışlarda UNEC-in həyatında yaddaqalan hadisələrdən ən önəmlisinin ulu öndər Heydər Əliyevin universitetə gəlişinin olması vurğulanıb. Bildirilib ki, 2002-ci il iyun ayının 13-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubiley mərasimində iştirakı kollektivin xatirində mühüm hadisəyə çevrilib. Həmçinin Prezident İlham Əliyevin də UNEC-də keçirilən islahatlara çox yüksək qiymət verdiyi qeyd edilib.

Sonra BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin və Hüquq fakültəsinin dekanı Əmir Əliyevin universitetdə iqtisadiyyat sahəsində aparılan tədris prosesi, beynəlxalq iqtisadi hüquq magistratura ixtisaslaşması üzrə tədris prosesinin təşkili mövzularında məruzələri dinlənilib. BDU-nun İqtisadiyyat və idarəetmə kafedrasının müdir əvəzi, professor Vahid Abbasov, Dünya iqtisadiyyatı kafedrasının müdiri Hacıağa Rüstəmbəyov, UNEC-in İqtisadiyyat və idarəetmə kafedrasının professoru Rasim Həsənov, İnsan hüququ və informasiya hüququ (UNESCO) kafedrasının professoru Etibar Əliyev, UNEC-in Maliyyə və maliyyə institutları kafedrasının professoru Mübariz Bağırov və başqaları məruzə ilə çıxış ediblər.

Məruzələrdə ali təhsil müəssisələrində akademik sahibkarlığın inkişaf problemləri, tədris prosesində iqtisad elminin öyrənilməsinin metodoloji aspektləri, Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunması kontekstində Azərbaycanın özünümüdafiə və təzminat alma hüquqlarına dair məsələləri, iqtisad elminin innovativ inkişaf istiqamətləri haqqında danışılıb. Həmçinin “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və reallıqlar”, “İqtisadi diplomatiya dövlətin beynəlxalq münasibətlərə təsir vasitəsi kimi”, “Pandemiya dövründə dövlətin iqtisadi qanunvericilik sahəsindəki islahatlarının mahiyyəti”, “Milli iqtisadi modellər stabil inkişaf edən suveren dövlətin iqtisadiyyatı kimi”, “Avropa İttifaqı beynəlxalq təhlükəsizlik sahəsində yeni faktor kimi” mövzularında müzakirələr aparılıb.

Konfrans iqtisad elminin müxtəlif aspektlərinin elmi müstəvidə müzakirəsi ilə başa çatıb.

TOP XƏBƏRLƏR