Respublika.az
Müasir şəraitdə dövlət siyasətinin uğurla həyata keçirilməsində iqtisadiyyatın müxtəlif sahələri üzrə kadr təminatı həlledici rol oynayır, cəmiyyətin iqtisadi biliklərə və yeni iqtisadi təfəkkürə malik olan mütəxəssislərə ehtiyacı getdikcə artır.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil konsepsiyası, hər şeydən əvvəl, təhsildə ənənəvi qaydaların və müasirliyin tələblərinin üzvi vəhdətinin təmin olunması, eləcə də Azərbaycan təhsilinin dünya təhsil sistemi standartlarına uyğunlaşdırılması prinsiplərinə əsaslanır. Hazırda Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin və xüsusilə də ali təhsilin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək qayğı və diqqət göstərilməsi, yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm yer verilməsi sayəsində, milli təhsil strategiyası, ilk növbədə, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Ali təhsil sahəsində qloballaşma prosesinin sürətlə getdiyi və dünya ali təhsil məkanında rəqabətin kəskinləşdiyi müasir dövrdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahəyə xüsusi həssaslıqla yanaşır və tələbələrin intellektual səviyyəsinin yüksəldilməsi, geniş dünyagörüşünə malik olması, dövlətçiliyimizə sədaqətli, vətənə, millətə yararlı, sağlam əqidəli vətənpərvər gənclər kimi formalaşması üçün mühüm aktuallıq kəsb edən işlərə imza atır.
Bununla əlaqədar olaraq, UNEC-dəki fəaliyyətimizi “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncamlardan irəli gələn “2015-2025-ci illər Azərbaycan gənclərinin inkişaf Strategiyası”nın, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istiqamətləri və müvafiq tələbləri əsasında qurmağa çalışmışıq. Bu baxımdan, Azərbaycanın qabaqcıl elm və təhsil müəssisələrindən birinə çevrilmiş Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təqdim olunan ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, dünya standartları səviyyəsinə çatdırılması və ali təhsil sahəsində müsbət beynəlxalq təcrübədən səmərəli istifadənin artırılması istiqamətində müvafiq işlər həyata keçirilmişdir.
Vaxtilə 1930-cu ilin iyun ayının 19-da yaradılmış universitetimiz tarixin keşməkeşli yollarından keçərək müxtəlif adlar altında fəaliyyət göstərmiş və fəaliyyəti dövründə ölkə iqtisadiyyatının inkişafında müstəsna xidməti olan 150 mindən yuxarı yüksəkixtisaslı iqtisadçı kadrlar yetişdirmişdir. Bu gün ölkədə ilk olaraq, dünya təhsil xidmətləri bazarında tanınmaq məqsədi ilə, müvafiq qanunvericiliyə əsasən universitetimiz “UNEC” markası ilə brendləşmişdir. Hazırda UNEC tədris və tədqiqat fəaliyyətlərini həyata keçirən elm və təhsil ocağına çevrilərək dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığı genişləndirir və beynəlxalq proqramlarda iştirak edir. UNEC-in beynəlxalq inkişaf strategiyasında əsas hədəflərindən biri də ikili diplom proqramıdır. Bu istiqamətdə aparılan uğurlu addımların nəticəsində UNEC Avropa təhsil məkanına inteqrasiya edərək dünyanın nüfuzlu universitetləri ilə müqavilələr bağlamış və qarşılıqlı fəaliyyəti genişləndirmişdir. UNEC həm bakalavr, həm də magistratura təhsil səviyyəsi üzrə, ABŞ, Avropa və Rusiyanın aparıcı universitetləri ilə ümumilikdə 9 ikili diplom proqramı reallaşdırır.
UNEC-də 10-a yaxın tələbə təşkilatı arasında ənənəvi tələbə təşkilatları ilə yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “İqtisadçı Tələbələrə Dəstək” İB və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İB fəaliyyət göstərir. Universitetimizdə təhsil alan 374 nəfər əcnəbi tələbələrlə yerlilər arasında da düzgün sosial-iqtisadi inteqrasiyasını təmin etmək, əcnəbi vətəndaşlara Azərbaycanın zəngin mədəni irsi, tarixi, adət-ənənələri və dəyərləri haqqında məlumat vermək məqsədi ilə “Cross-Cultural Club” adlı təşkilat yaradılmışdır.
Son illərdə tələbələrimiz Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə universitet, respublika və beynəlxalq səviyyədə keçirilən bir sıra elmi konfranslarda, forum və müsabiqələrdə fəal iştirak edir, intellektual oyunların qalibi olaraq, yüksək nailiyyətlər əldə edirlər. 2017-ci ildən etibarən ilk dəfə olaraq UNEC-də beynəlxalq “Science Slam” elm müsabiqəsinə start verilmişdir. Bununla da UNEC Azərbaycanın adını “Science Slam” tarixinə 6-cı ölkə kimi yazmışdır. “Science Slam” elm müsabiqəsi üzrə I, II və III yerləri qazanan tələbələrin həmin müsabiqəyə təqdim etdikləri elmi-tədqiqat işinin Yekun Dövlət Attestasiya Komissiyası tərəfindən buraxılış işi kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. UNEC ölkədə geniş rezonans vermiş “Science Slam” müsabiqəsinin ilk dəfə olaraq orta məktəblərdə təbliğ edilməsini həyata keçirmişdir.
“İqtisadçı Tələbələrə Dəstək” İB (“İTD” İB) fəaliyyəti dövründə tələbələrə vətənpərvərlik və xeyriyyəçilik hisslərini aşılamaq məqsədi ilə gənclər arasında yaradıcılığın inkişafına yardım edir, elmi araşdırmalar aparır, ölkədə və xaricdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və birlikdə layihələr həyata keçirir. “İTD” İB-nin təşəbbüsü ilə UNEC tələbələri ölkədə ilk dəfə olaraq, yeni “Kitab at” adlı çox maraqlı və özündə mütərəqqi ideyalar daşıyan layihəyə start verərək ölkənin iri şəhərlərində həyata keçirmişdir. Məqsəd qədim adətlərə söykənən Novruzda papaqatma ənənəsini “Kitab at”la gündəmə gətirməklə ölkədə mütaliə mədəniyyətinin inkişafına nail olmaqdır.
UNEC-də fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (TGT) müxtəlif layihələr çərçivəsində tələbələrin ictimai yönümdə inkişafının təmin edilməsi və asudə vaxtının daha səmərəli keçirilməsi məqsədi ilə bütün fakültələr üzrə təmənnasız olaraq həm xarici dil dərsləri, həm də ixtisas təlimləri keçirir. Bununla yanaşı, keçirilən “Respublika Gənclər Debat Forumları” layihəsi çərçivəsində tələbələrimiz bir neçə il I və II yerlərin qalibi olmuşlar. UNEC TGT öz fəaliyyətinə görə respublika üzrə “İlin ən yaxşı tələbə təşkilatı” adına layiq görülmüşdür.
Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən ictimai işlərdə və elmi fəaliyyətdə fərqlənən tələbələrin mükafatlandırılması, onların asudə vaxtının səmərəli təşkil edilməsi, eləcə də aztəminatlı ailələrdən olan tələbələrə maddi dəstək göstərilməsi həyata keçirilir. THİK-in təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyun üzrə komandamız respublika çempionu adını qazanmışdır.
UNEC-də fəaliyyət göstərən İqtisadçı Vətənpərvərlər Təşkilatının (İVT) əsas məqsədi tələbələrin vətənpərvərlik ruhunun yüksəldilməsi, bu istiqamətdə tədbirlərin keçirilməsi, vətənpərvərliyin təbliğatının aparılması, eləcə də şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsi, qəhrəmanlarımızın döyüş yolları barədə tələbələrə düzgün məlumat verilməsidir. Müdafiə Nazirliyinin və UNEC-in birgə təşkilatçılığı ilə UNEC-in professor-müəllim və tələbə heyəti dəfələrlə ön cəbhələrdə olmuş, əsgərlərlə görüşlər keçirmişlər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi barədə verilmiş Sərəncamdan irəli gələrək universitetdə “UNEC könüllüləri” təşkilatı yaradılmışdır. UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədi ilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət olan Rəqəmsal Könüllülər Təşkilatı da fəaliyyət göstərməkdədir.
2015-ci ildən etibarən ölkə ali təhsil sistemində ilk dəfə olaraq UNEC-də “Tələbə-rektor”, eləcə də UNEC-in Zaqatala filialında “Tələbə-prorektor” layihəsi həyata keçirilir. Tələbə-rektor digər tələbə təşkilatlarının işində qarşıya çıxan problemlərin yerində və operativ surətdə həll edilməsinə kömək edir, həmin təşkilatların sədrləri ilə birlikdə universitetin Elmi Şurasının üzvü olaraq tələbələri maraqlandıran məsələlərin müzakirə edilməsində iştirak edir. Qeyd etməliyəm ki, hazırda UNEC-də tətbiq edilən Differensial Əməkhaqqı Sistemindən professor-müəllim heyəti ilə yanaşı, tələbələr də “Web of Science” və “Scopus” elmi bazasında olan jurnallarda öz məqalələrini nəşr etdirib 4000 manatadək qonorar almaq imkanına malikdirlər. Təqdirəlayiq haldır ki, universitetin 3 tələbəsi nüfuzlu beynəlxalq jurnallarda elmi məqalə nəşr etdirərək, qaydalara müvafiq mükafatlandırılmışlar. Artıq 2016-cı ildən etibarən universitetin struktur bölməsi kimi fəaliyyətə başlayan UNEC Karyera Mərkəzinin başlıca vəzifəsi tələbələri peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişafına dəstək olmaq, işəgötürənlərlə sıx əməkdaşlıq qurmaq və məzunlarla sağlam əlaqələri daim qorumaqdır. Bu məqsədlə son zamanlar iş dünyası ilə strateji əməkdaşlığı hədəf seçən “UNEC2B” Platforması yaradılmışdır. Təqdim olunan Platforma çərçivəsində tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və UNEC məzunlarının işlə təmin olunmasında birgə fəaliyyətin təmin edilməsi nəzərdə tutulmuşdur. UNEC məzunlarının iş və işəgötürənlərin tələb olunan peşəkarları tapmasına yardım etmək məqsədilə mütəmadi olaraq fəaliyyət göstərən job.unec.edu.az virtual əmək birjası təşkil edilir. UNEC Karyera Mərkəzinin və “İSE Start-up Club”ın birgə təşkilatçılığı ilə “I2B - İdeyadan Biznesə” layihəsi ilə birgə startap müsabiqəsi keçirilmişdir və müsabiqəyə qatılan UNEC-in 11 komandasından 5-i qalib olaraq “I2B - İdeyadan Biznesə” startap müsabiqəsinin respublika üzrə finalında iştirak etmək hüququ qazanmışlar.
Təhsil sistemində ilk dəfə olaraq, UNEC-də onlayn “Bir pəncərə” xidməti də tələbələrimizin istifadəsinə təqdim edilmişdir. Layihənin məqsədi tələbələrin vahid mərkəzə müraciət edərək, tələb olunan təhsil sənədlərinin ən qısa müddətdə əldə edə bilməsidir.
Xüsusi qayğıya ehtiyacı olan tələbələr üçün əlçatan ali təhsil səviyyəsinin yüksəldilməsi, təhsil imkanlarının artırılması və onların təhsilə tam inteqrasiya edilməsi məqsədi ilə universitetdə UNEC İnklüziv Təhsil Mərkəzi fəaliyyət göstərir. Mərkəzin dəstəyi ilə son iki ildə əlilliyi olan tələbələr Azərbaycanın bir sıra təşkilatlarında istehsalat təcrübəsi keçir, onların məşğulluqla bağlı məsələlərinin həlli yolları araşdırılır. Belə ki, SOCAR AQŞ, Gilan Holding, Veysəloğlu Şirkətlər Qrupu və Deloitte LTD UNEC-in 12 nəfər əlilliyi olan məzununu işlə təmin etmişdir.
Təhsil sistemində ilk olaraq 2016/2017-ci tədris ilindən etibarən UNEC-də Mentorluq Xidməti fəaliyyət göstərir. UNEC Mentorluq Xidmətinin məqsədi tədris prosesi başda olmaqla, tələbələrə təhsil müddətində qarşılaşacaqları çətinliklərin həllində, gələcək karyera istiqamətlərinin düzgün seçilməsində, həmçinin mövcud sosial, mədəni, sağlamlıq və s. imkanlardan maksimum faydalanmasında köməklik göstərmək, tələbələrin asudə vaxtının səmərəli keçirilməsində valideynlərlə mütəmadi olaraq əlaqə saxlamaqdır. UNEC-də mentorluq xidmətinin təkmilləşdirilməsi və xarici təcrübənin öyrənilməsi məqsədi ilə universitetin bir qrup mentoru Türkiyənin aparıcı universitetlərinə ezam olunaraq təcrübə mübadiləsi keçmişlər.
Tələbələrin mədəniyyət və incəsənət yönümdə inkişafının təmin olunması, istedadının aşkar edilməsi və eləcə də asudə vaxtının daha səmərəli keçirilməsi məqsədi ilə yaradılan UNEC Yaradıcılıq Mərkəzinin üzvləri universitet, ölkə və beynəlxalq səviyyəli tədbirlərdə mütəmadi olaraq iştirak edərək uğurlar qazanırlar. Belə ki, tələbələrimiz hər il keçirilən “Tələbə baharı” Ümumrespublika Tələbə Yaradıcılıq Festivalında müxtəlif nominasiyalar üzrə qalib olmuşlar. “UNEC Tələbə Teatrı” üzvlərinin ifasında “Xocalısız 26 il”, “Əsirlikdə bir gün”, “Cümhuriyyətin 100 illiyi”, “Nəsimi” və digər tamaşalar Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək, UNEC tələbələrinin ifasında Türkiyənin paytaxtı Ankara şəhərində “Nəsimi” tamaşası nümayiş etdirilmişdir. UNEC-in təşəbbüsü ilə Ankaranın Keçiörən bələdiyyəsinin Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində nümayiş etdirilən tamaşada Azərbaycanın Türkiyə respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, bələdiyyə başkanı Turqut Altınok, digər rəsmi şəxslər, qardaş ölkənin paytaxtında yaşayan soydaşlarımız, eləcə də nəsimişünaslar iştirak etmişlər.
Qeyd etməliyəm ki, UNEC-in bütün uğurları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi təhsil islahatlarının məntiqi nəticəsidir. UNEC-in 90 illik yubileyi ərəfəsində bu ali təhsil ocağının məzunu kimi, universitetin son zamanlar qazandığı bəzi uğurları barədə söhbət açdım.
...Yaş üstünə yaş gəldikcə daha da əzəmətlənən, daha da güclənən, lakin daim müasirləşən Universitetim, 90 yaşın mübarək olsun!
Səadət QƏNDİLOVA,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) prorektoru,
Əməkdar müəllim, dosent.