UNEC-in Mühəndislik fakültəsinin müəllim və tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində olublar.
Mühəndislik və tətbiqi elmlər kafedrasının Ekologiya mühəndisliyi ixtisasının rəhbəri, dosent Mövlud Hüseynov, dosentlər Fəridə Quliyeva, Lalə Quliyeva, t.f.d. Kəmalə Mustafayeva və tələbələr xidmətin Radiometeorologiya, aviameteorologiya, aerologiya mərkəzinin direktor müavini Vüsal Mirzəyev, Telekommunikasiya mərkəzinin direktoru Gülnarə Abbasova və Rejim məlumatlarının arxivləşməsi mərkəzinin direktoru Vəfadar İsmayılovla görüşüblər.
Tələbə və müəllimlərə meteoroloji mərkəzdəki cihazların iş prinsipi və müşahidələrin aparılması qaydası barədə məlumat verilib. Bundan əlavə, avtomat meteoroloji stansiyada küləyin sürəti və istiqaməti, havanın minimum və maksimum temperaturu, nisbi rütubəti, atmosfer təzyiqi və s. məlumatların ötürülməsi prosesi əyani olaraq göstərilib.
Sonra tələbələr Xidmətin Situasiya Mərkəzində hidroloji və hidrometeoroloji müşahidələrin aparılması prosesini yaxından izləyiblər, hava proqnozunun hazırlanması ilə bağlı maraqlı məlumatlar əldə ediblər. Tələbələrə Göygöl və Şamaxı rayonları ərazisində quraşdırılan yeni Dopler radarlarının iş prinsipi də izah olunub. Tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Sonda birgə tədqiqatların, eyni zamanda tədris prosesində müvafiq laboratoriya təcrübələrinin aparılması, tələbələrin istehsalat təcrübəsinin səmərəli təşkili, professor-müəllim heyəti ilə birgə layihələrin həyata keçirilməsi barədə əməkdaşlıq imkanları müzakirə olunub.