UNEC-in Mühəndislik fakültəsinin “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Qida mühəndisliyi” ixtisasının rəhbəri, dosent Mehriban Məhərrəmova, “Ekologiya mühəndisliyi” ixtisasının rəhbəri dosent Mövlud Hüseynov, dosentlər Elza Omarova və Afilə Qurbanovanın iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.
Səfər çərçivəsində müəllim və tələbələr institutun idarə heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən sədr müavini dosent Hikmət Nəsibov və institutun əməkdaşları ilə görüşüblər. Görüşdə elmi-tədqiqat işlərində hər iki qurumun mövcud potensialından səmərəli istifadə, birgə analiz və araşdırmaların aparılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tələbələr institutun İstixana tərəvəzçiliyi, Aqrobiotexnologiya, Bitki mühafizəsi, Emal, saxlanma və keyfiyyət, Funksional analizlər şöbə və laboratoriyaları, Toxum emalı məntəqəsi, həmçinin istixana kompleksi ilə yaxından tanış olublar. İnstitutun alim və mütəxəssisləri onlara burada aparılan elmi-tədqiqat işləri, müasir cihaz və avadanlıqlar, eləcə də onların iş prinsipləri barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.
Görüşün sonunda əməkdaşlıq memorandumunun hazırlanması və institutda tələbələrin istehsalat təcrübəsinin təşkili ilə bağlı razılıq əldə olunub.