Ölkəmizdə təhsilə və gənclərin inkişafına dəstək olan ölkənin aparıcı banklarından biri olan Bank Respublika Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün maliyyə savadlılığı sahəsində master-klasslar təşkil edib.
Tədbiri giriş sözü ilə açan UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov və Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev öz çıxışlarında “Bank Respublika”nın təşəbbüsünə yüksək qiymət verərək, bu cür master-klassların “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasında rolundan bəhs ediblər.
Təlimdə bankın icraçı direktoru Tural Səlimov “Biznes kreditlərin özəllikləri”, direktor müavini Elçin İbrahimov “İstehlak kreditlərinin özəllikləri”, şöbə müdiri Jalə Nəcəfova “Davranış bacarıqları”, menecer Gülnar Kərimova “Kommunikasiyanın iş mühitində faydası”, baş mütəxəssislər Nigar Zülfüqarova “Layihələrin idarə edilməsi” və Ramil Bayramov “PR nədir və özəllikləri” mövzusunda ətraflı təqdimatla çıxış ediblər.
Təlimin sonunda mövzular ilə bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, master-klasslar UNEC ilə Bank Respublika arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində təşkil edilib.