Bakı şəhəri, Nizami rayonu, 229 saylı məktəbdə UNEC-in şəhid olmuş tələbəsi Əsəd Əsədlinin xatirə gecəsi keçirilib, şəhidə həsr edilmiş qısametrajlı bədii-sənədli film nümayiş olunub.
Tədbirdən öncə məktəbin həyətindəki şəhidlərin barelyefinin önünə gül dəstələri düzülərək, şəhidlərin xatirəsi yad edilib, sonra məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Xatirə gecəsində Əsəd Əsədlinin təhsil aldığı UNEC Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev də iştirak edib. O, Əsədin keçdiyi qısa və şərəfli ömür yolundan, tələbəlik illərindən və Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlardan danışıb. Belə igid oğulların xalqımızın qəlbində daim yaşayacağını və qürur mənbəyimiz olduğunu bildirib.
Tədbirdə iştirak edən Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhər Baş Təhsil İdarəsinin və Müdafiə Nazirliyinin nümayəndələri Əsəd Əsədlinin yüksək insani keyfiyyətlərindən, vətənpərvərlik ruhundan, qəhrəmanlığından, göstərdiyi şücaətlə 21 əsgər yoldaşını mühasirədən xilas edərək, şəhidlik zirvəsinə yüksəlməsindən danışıblar.
Sonra Əsəd Əsədliyə həsr edilmiş qısametrajlı film nümayiş olunub. Filmdə Əsədin anası Səidə xanımın, atası Mahir müəllimin, qardaşı və əzizlərinin, döyüş və məktəb yoldaşlarının, həmçinin məktəb müəllimlərinin onun haqqında xatirələri yer alıb, Əsədin göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs olunub.