Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) Mühəndislik fakültəsində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı dosent Elçin Səmədov qan yaddaşımıza yazılan Xocalı faciəsi barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, bildirib ki, ermənilərin 32 il əvvəl günahsız, əliyalın insanlara qarşı törətdiyi insanlığa sığışmayan bu cinayət əməlinin qurbanlarının xatirəsini xalqımız uzun illərdir dərin hüznlə anırdı, bu gün isə həmin insanların ruhunu biz qalib xalq kimi anıb, təsəlli tapırıq ki, ruhları şaddır və Vətən müharibəsindəki qələbəmiz onların ruhlarına rahatlıq gətirib.
Daha sonra “Humanitar fənlər” kafedrasının dosenti Yusif Fərzəliyev Xocalı faciəsinin baş vermə səbəbləri haqqında çıxış edərək, bildirib ki, Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət idi.
Xocalı faciəsi zamanı yaxınlarını itirən “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Rəhim Ələkbərov həmin vaxt baş verən hadisələr, erməni əsgərlərinin törətdikləri vəhşiliklər, Xocalı sakinlərinin aqibəti haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.