UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzində universitetin şəhid məzunu, Qarabağın azadlığı uğrunda şəhid olmuş Əsəd Əsədlinin anadan olmasının 29-cu ilinə həsr edilmiş xatirə gecəsi təşkil edilib. Xatirə gecəsində şəhidin valideynləri, şəhid anaları və UNEC Qiyabi təhsil şöbəsinin tələbələri iştirak ediblər.
Xatirə gecəsini giriş sözü ilə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev açaraq, Əsəd Əsədlinin tələbəlik illərindən, döyüş yolundan və göstərdiyi şücaətlərdən söz açıb, universitetdə UNEC şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Vətən Müharibəsi şəhidlərinin əbədi xatirəsinin əziz tutulmasının hər bir UNEC tələbəsinin mənəvi borcu olduğundan bəhs edib.
Sonra çıxış edən şəhidin atası Mahir Əsədov övladının Qarabağın azadlığı uğrunda, xüsusilə də Xocavənd uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından söz açaraq, övladının xatirələrini bölüşüb.
Tədbirdə universitetdə qiyabi təhsil alan tələbələrin şəhidin xatirəsinə həsr etdikləri video-tamaşa nümayiş olunub.
Sonda Qiyabi təhsil şöbəsinin tələbəsi Leyla Paşayevanın çəkdiyi şəhidin portreti anasına təqdim olunub.
Qeyd üçün bildirək ki, Əsəd Əsədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətinə görə" ordeni, "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.