UNEC-in Mühəndislik fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə «Azərbaycanın COP 29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür» mövzusunda dəyirmi masa keçirilib. Tədbir torpaqlarımızın azad edilməsində canlarından keçən əziz şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Elçin Səmədov 2024-cü ilin ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasından söhbət açaraq, dünya ictimaiyyətinin diqqətinin son zamanlarda baş verən iqlim dəyişikliklərinə yönəldiyini və noyabr ayında təşkil olunacaq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinin Azərbaycana həvalə olunmasının ölkəmizin beynəlxalq məkanda nüfuzunun artması və qlobal ekoloji problemlərə həssaslıqla yanaşmasının bariz nümunəsi olduğunu qeyd edib. O, qlobal ekoloji problemlərin digər səbəblərlə bərabər lokal ekoloji problemlərdən qaynaqlandığını nəzərə alaraq, işğal altında olmuş torpaqlarda törədilən ekoloji terrorun fəsadlarının aradan qaldırılmasının əhəmiyyətini də xüsusi vurğulayıb.
Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin baş məsləhətçisi Murad Şahverdiyev “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda çıxış edərək, Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində ətraf mühitə vurulmuş zərərin və təbii sərvətlərin istismarının qiymətləndirilməsi ilə bağlı məlumatla çıxış edib.
Daha sonra “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Gəray Mirzəyev COP 29-un ölkə və dünya üçün əhəmiyyəti, hədəfləri və ondan gözləntilərə həsr olunan məruzə ilə çıxış edib. O, iqlim dəyişikliyi və qlobal istiləşmənin atmosferdə rolu, istixana qazları və onların atmosferdəki konsentrasiyaları, beynəlxalq iqlim siyasətlərinin tarixinin xronologiyası, beynəlxalq sazişlər və Azərbaycan Respublikasının ətraf mühitin tənzimlənməsi sahəsində qoşulduğu beynəlxalq konvensiyalar, COP-29 iqlim zirvəsinin əhəmiyyəti və Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizədə qarşıya qoyduğu hədəflər barəsində danışıb.
Sonda aparılan müzakirələr əsnasında “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri professor Rövnəq Rzayev, həmin kafedranın professoru Məhəmmədəli Nuriyev, dosentləri İlqar Rəcəbov, Mövlud Hüseynov, Azər Məmmədov, Elsevər Fərzəliyev, Ramil Sadıqov mövzu ətrafında fikirlərini bildiriblər, verilən suallar məruzəçilər tərəfindən cavablandırılıb.