A

Rektor professor Ədalət Muradov UNEC ilə Fransanın Montpellier Universitetinin ikili diplom proqramını uğurla bitirmiş 9 nəfər məzunla görüşüb.

Məzunları təbrik edən prof.Ədalət Muradov, UNEC-in beynəlxalq reytinqlərdə nüfuzunun daha da artırılması, Avropa və Amerikanın mütərəqqi təhsil mühitinin UNEC-ə inteqrasiya ilə bağlı fikirlərini bölüşüb. Xarici universitetlərlə ikili diplom və mübadilə proqramlarında iştirak etmiş UNEC tələbələrinin həmin universitetlərdə qazandıqları təcrübəni müəllim və tələbələrlə bölüşməsinin bu istiqamətdə faydalı olacağını bildirib.

Prof.Ədalət Muradov məzunların UNEC-də və Montpellier Universitetində qazandıqları bilik və bacarıqların onların əmək bazarında çevikliyini artıracağına əminliyini ifadə edərək,  məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Onlara hər zaman UNEC-in fəaliyyətində yaxından iştirak etməyi tövsiyə edib.

Məzunlar UNEC-də onlar üçün yaradılmış imkanı yüksək dəyərləndirərək, Montpellier Universitetindəki təhsil və tədris prosesi barədə təəssüratlarını bölüşüblər. Fənlərin tədrisi, beynəlxalq təcrübənin tətbiqi ilə bağlı təkliflərlə çıxış ediblər.

Sonda məzunlara Montpellier Universitetinin diplomları təqdim olunub.

Qeyd edək ki, 2016-cı ildən reallaşdırılan UNEC ilə Montpellier Universitet arasındakı ikili diplom proqramından indiyədək 92 tələbə məzun olub.

TOP XƏBƏRLƏR