Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda separatçılara qarşı apardığı antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbəsi Məmmədhəsənov Qasim Bilal oğlunun şəhadətindən bir il ötür.
Anım günü münasibətilə Sabirabad rayonunun Qaraqaşlı kəndində şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş abidə kompleksinin qarşısında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, şəhidin təhsil aldığı məktəbin müəllim-şagird kollektivi, ailə üzvləri və döyüş yoldaşları, kənd sakinləri, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər 44 gün davam edən Vətən müharibəsinin qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs ediblər, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıblar, şəhidlərin adlarını daim yaşatmağın, onların xatirəsini əziz tutmağın ən müqəddəs borc olduğunu bildiriblər.
Daha sonra şəhidin məzarı ziyarət edilib. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.
Qeyd edək ki, şəhid Məmmədhəsənov Qasim Bilal oğlu ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Uca Allahdan Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi, xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyirik!