Oktyabrın 29-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Məzdək Eyvazlının anım günü idi.
Lökbatan Şəhidlər Xiyabanında dəfn olunan şəhidin anım günü tədbirində şəhidin ailə üzvləri ilə yanaşı, UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, fakültə üzrə THİK sədri Həsən Mirzəyev və tələbələr iştirak ediblər.
UNEC kollektivi Vətən müharibəsində şəhid olan Məzdək Eyvazlının məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Məzdək Eyvazlı 2020-ci il sentyabrın 21-də hərbi səfərbərlik çağırışı ilə təlimlərə qoşularaq, 27 sentyabrda müharibəyə yollanıb. 29 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.